Biri vardı, biri yoxdu; həmişəki kimi. Bir biz idik, bir də dünya. Quyudakı ağ daşıpendir sanıb oraya baş vurmamışdıq hələ, sonra da canımızı qurtarmaq üçün mahnı qoşub, ən birinci öz adımızı çəkmirdik… Biri vardı… Gəldi ömrümüzə, iki cüt, bir tək xatirə qoyub getdi. Biri yoxdu amma xatirələrin şam işığına baxa-baxa yuxumuz qaçanda… Və sonra, unutduq nağıl oxumağı da, nağıl qoşmağı da. Bizimçün uydurulanlara inandıq. Həm də, gözəl inandıq. “Ayrı yolumuz yoxdu” deyib çiynimizi çəkir, gülümsəyirik ha, o, yalandır. Həqiqət sonrakı anda gözlərimizin dolmağındadır… Biri vardı, hə, Gəncənin küçə işıqlarını sarı atlas bilib “Səni sevirəm, tanqo…” deyə-deyə gəzə bilirdi. Biri yoxdu, hə, o gəzənə yol yoldaşı olmağa. Və elə anların birində gözəl esselərin müəllifi, fotoqraf, rəssam Zeynəb Münzəvi çıxdı qarşısına. Bərabər içdilər gürcü qəhvəçinin hazırladığı qəhvəni, bərabər getdilər kilsədəki rəsmlər içərisində qraalı axtarmağa. Sonra həyat girdi araya… Zeynəb Münzəvinin fotoaparatını hər xatırladığında dilindən bu sözlər töküldü: “Mənə ümidləri çək…” Hekayəsini də yazdı bunun, xatirəsini də əzizlədi, amma heç nə qayıdıb “biri var, biri yox” olan o vaxtlardakı kimi olmadı daha… *** Zeynəb Münzəvi ilə getmişdik sazbəndin yanına. Çəkdiyi şəkillər hələ yaddaşımdadı… Kompüterimin yaddaşında qalıbmı, bilmirəm. Axtarmaq istəmədim. Tar Abbasdan qalan xatirələrin işığında sazbənd axtarışına çıxmışdım. Kəlbəcərin saz-söz sənətini ruhunda yaşadan Aşıq Elbrusa üz tutmuşdum. Demişdi: “Qohumumdur sazbənd Etibar”. Emalatxanası kiçik həyətində idi sazbəndin. O bapbalaca məkanda unudulmuş tarix axtarmışdım xəyalpərəstliyimin işığında. Görmüşdüm ki, unudulmayıb heç nə… Hər şey orada idi-Dədə Qorqudun çaldığı qopuzun səsi də, Koroğlunun Şirinqaladakı göz yaşı da, Aşıq Zeynalın şikayətini şeirlə dilə gətirdiyi tavar da… İndi, illər sonra yenə həmsöhbətim sazbənd Etibardır. Bu dəfə Zeynəbsizsəm. Zeynəb gedib həyatın qayğı bağçasında ömür sarayının kərpiclərinə qızıyla birgə rəngli xətlər çəkməyə. Gözəldirlər! Sazbənd Etibar- Qasımov Etibar Hüseyn oğlu 1969-cu il dekabrın 19-da Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub. Orta təhsilini 1977-1987-ci illərdə doğma kəndlərindəki məktəbdə alıb. Dediyinə görə, sazbəndliyi atasından öyrənib. Həmkəndlilərinin xatirəsində Hüseyn kişi “əlləri qızıl usta” kimi qalıb. Nalbəndliyi də bacarırmış, dəmirçiliyi də, sazbəndliyi də… Etibar usta sazbəndliyin bir dəfəyə öyrəniləsi sənət olmadığını deyir: “Əvvəllər atamın köməkçisi kimi idim. 1993-cü ildən bəri, özüm bu sənətlə məşğulam. İstər sazbəndlik olsun, istər başqa sənət, əl işlədikcə püxtələşir. Yəni davamlı məşğul olmalısan. Xammal kimi Şəmkirdən, Goranboydan gətirilən tut ağacından istifadə edirəm. Simlər isə daha çox Bakıdan gətirilir. Sazın çanaq hissəsinin tut ağacından hazırlanması mütləqdir. Çanağın üzü də tutdan olur, bişirib bu rəngə salırıq. Sazın qolu ən yaxşı qoz ağacından olur. Təzənə də ki, dədə-babadan gilas ağacının qabığından olub. İndi kaprondan da hazırlamaq olur, amma gilas ağacı qabığının səsi ayrıdır də… Bir də, deyim ki, dəmyə bitən ağacdan daha yaxşı saz olur…” İndiyədək düzəltdiyi sazların sayının çoxdan 200-ü keçdiyini deyən Etibar usta əl işlərinin dünyanı gəzdiyindən qürurla söz açdı. Bildirdi ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın Moskvada təşkil etdiyi muzeydə, Milli Koservatoriyada, Kəlbəcər rayon mədəniyyət evində, Güney Azərbaycan aşıqlarında, Gəncəbasar aşıqlarında üstündə adı yazılmış sazlardan var. Tar Abbasdan öyrənmişdim “tələbə tarı”, “ustad tarı” ifadələrini. Mənim tarım “tələbə tarı” idi. Həkimlər tarı ürəyin üstünə qaldırmağı qadağan edəndən sonra illərlə tarıma baxıb kövrəldim. Sonra bir qərar verdim: tarım “heç kimə lazım deyil” məhkumluğundan xilas olmalıydı! Ən azından, ayaqüstə 40 dəqiqə mənə tarda “Nədən oldu?” çalan Hüseyn müəllimin xətrinə tarımın səsi eşidilməliydi! Tarımı verdim bir qələmdaşımın musiqi məktəbində təhsil almağa başlayan oğluna… Hərdən elə bilirəm ki, tarım məndən ötrü darıxır. Sonra özümə təsəlli verirəm: “İşə yaradığına sevinir…” Sazbənd Etibardan “tələbə sazı”nı soruşdum. Verdiyi cavab elə xoşuma gəldi ki: “Sazın da növləri var, əlbəttə! “Cürə” sözü eşitmiş olarsan, qızım, göyçəlisən axı! O “cürə” “tələbə sazı”dır. “Ustad sazı” daha iri, daha çox imkanlara malik olur. “Tavar sazı” isə mükəmməl olmalıdır. Yeddi gün, yeddi gecə dastan oxuyan aşıqlar mütləq “tavar sazı”na sahib olmalıdırlar ki, o müddətdə rahatca çala bilsinlər”. Sazbəndlik sənətində şəyirdi yoxdur Etibar ustanın. Buna üzülür… Dedi, mən də üzüldüm. Bu gözəllikdə bir sənəti öyrənmək fürsəti vermir tale, görəsən, indiki gənclərə, yoxsa? Hə, o “yoxsa” incidir adamı. “Asan qazanc”ın “uğur” olduğunu aşılayan “şəxsi inkişaf və motivasiya” kitabları bestseller olan dünyada sazbəndlik kimə, nəyə lazımdır axı? Hansı gənc bilə-bilə əllərinin qabar olmasını istəyər? Halbuki, uşaqkən biz əllərimizdəki qabarın sayı ilə öyünür, öyülürdük. …Sazbəndlik bizim qayım-qədim el sənətlərimizdəndir. Dəyərli Musa Nəbioğlunun “Sazımız-sazbəndimiz” (2012) kitabını eləcə vərəqləmək bəs edir ki, bu sənətin “ağ ustad”larını tanıyaq. Elə həmin kitabda Etibar ustadan da yazıb Musa müəllim. “Sazbənd olmaqçün saza bənd olmaq lazımdır”-Etibar ustanın şüarıdır. Aşıq havalarının gözəl ifaçısıdır Etibar usta. Milli ədəbiyyatımızın “narın üz” şeirlərini əzbərdən bilir. Düzəltdiyi sazlar içərisində xüsusi xatirəsi olan bir saz var ki, hər xatırlayanda könlü dağa dönür. Həmin sazı o, Zəlimxan Yaquba düzəldib. “Sazın hissələri 4 dənədir: sinə taxtası, beçə, qol, çanaq… Beçə çanaqla qolu birləşdirir. Sinə taxtası ən axırda qoyulur. Sinə taxtasını hazırlamaq incəlik tələb edir. Taxtanı yuxaldıram, qəlibə vururam, bəzən 1 həftə, bəzən 10 gün qurumasını gözləyirəm. Emalatxanamdakı dəzgahları da, qəlibləri də özüm hazırlamışam. Birdən olur, işin ortasında könlümə bir şeir düşür. Əlimə alıram sazımı, başlayıram oxumağa… Bir görürəm, Bəhmən Vətənoğludan oxuyuram, bir görürəm Dədə Ələsgərdən”. Sazbənd Etibarın dediyinə görə, usta əlində sazın köklənməsi 2-3 dəqiqə çəkir. Ondan sonra sazın ürəyi açılır. O ürəkdəki sirr-sehir nə var, gəlib tökülür dinləyənin ruhuna, idrakına. Usta ilə Kəlbəcərdən də danışdıq. Bir vaxtlar bizimçün nağıldakı “əlçatmaz, ünyetməz dağlar” olan Kəlbəcərə -doğma yurduna etdiyi səfərlərdən də söz açdı: “Dəfələrlə getmişəm Zəylik kəndinə. Orada hiss etdiklərimi deyə bilmərəm. kiminsə məni anlaması üçün o hissi yaşaması lazımdır. Yoxsa anlaşılmaz o illərin həsrətinin bitdiyi an. Saz da çalmışam orada, şeir də oxumuşam… Bir mən bilmişəm, bir doğma yurdum, bir də Tanrı ki, nələr yaşadım orada…” Bir gün Zəylik kəndində həmsöhbət olmaq diləyilə ayrılıram sazbənd Etibardan. Amma demirəm ki, məktəb illərindəki ən yaxın rəfiqəm Zəylik kəndindən idi… Və də, onun qohumu idi… Demədim… Bu da, mənim “sirrim” oldu… …Biri vardı, biri yoxdu həmişə… Biri uzaqdaydı, biri də lap ovcumuzun içində. Amma biz ikisini də tam anlamadıq niyəsə… “Vardı” uzaqlardakı, “yoxdu” ovcumuzun içindəki! Təsəllimizdir saz da, tar da, xatirələr də… Ümidləri çəkən fotoaparat hələ icad olunmayıb axı… Məktəb illərindəki dostluqlar “Son zəng” günündən sonra davam etməməlidir ki, çərçivəsi xülyadan olsun, sehri itməsin! Və yazmaq istəyəndə yazmalıdır qələm adamı; Əzizə Cəfərzadənin Məmməd Aslana dediyi kimi, “hikmət sandığı”ndakılardan hamı faydalansın deyə…

Şəfa Vəli (2024, Şəki)