Zəlimxan qaynadı, daşdı, çağladı,
Onu nəzərində Allah saxladı.
Torpaqdan qaldırdı, elə bağladı,
Get eldən xəbər al, torpaqdan soruş.
Açdı sinəsini o sinədəftər,
Nəfəsi pakıydı, ruhu təzə-tər.
Dilindən düşmədi Vurğun, Ələsgər,
Nə dedi, qələmdən, varaqdan soruş.
Türkün tarixini yazdı, oxudu,
Xınalı sözləri cehiz toxudu.
Əzbər bilmədiyi şeir yoxuydu,
O, Həqq aşiqiydi, sən haqdan soruş.
Dilindən çıxanlar dillər əzbəri,
Səsi ilahiydi, fikri bəşəri.
Şairlər millətin ən şah əsəri,
O xalq şairini bu xalqdan soruş.
Sazın tellərində sözü-söhbəti,
Sevildi əbədi, sevdi əbədi.
Nəydi gülüşünün şəhdi-şərbəti,
Suyunu içdiyin bulaqdan soruş.
Məzarın bir isti ana qucağı,
Qoy səni qızdırsın odu-ocağı.
Ürəyin bütöv bir vətən torpağı,
Fəxri xiyabandan, bayraqdan soruş.