
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Ən boyük ah
yaşıl-yaşıl kəsilən
ağacların ahıdı,
Ən böyük nalə
göycə-göycə qurudulan
ağacların naləsidi, –
Kərpic-kərpic,
bina-bina yüksələr Ərşi-əlaya.
Ağacların ahı
insanların ahından
daha tez çatar Mövlaya,
Çatdımı – ta baxılmaz
kimdi, kimin kimsəsidi,
nədi, nəyin nəsidi…
…Ağacların qarğışı
insanların qarğışından
daha tez tutar adamı,
Bu ah,
bu nalə,
bu qarğış
Şimşək libasında
qayıdar geri…
Qayıdar və…
Keçər qarğış yiyəsinin
yeddi qatından,
Fayda olmaz zatından,
yeddi arxa dönənindən,
Nicat bulmaz
qılıncının dalı da,
qabağı da kəsən
bu günündən,
parıltılı, hırıltılı dünənindən…
Ağacların Tanrıya şikayət məktuları
ah-ah, nalə-nalə yazılar,
Göz yaşına dönər –
gilə-gilə yazılar,
Şehə dönər –
jalə-jalə yazılar.
Budaq-budaq şikəst edilən,
Yarpaq-yarpaq can verən,
Gövdə-gövdə ölən ağacların
kötüklərini torpaq gizlədər,
ruhları Tanrı dərganına
köç bağlar.
Məndən deməsi,
demədi deməyin…
Ya tövbə edib öpün
soyqırıma məruz qoyduğunuz ağacların
yaş süzülən gözlərindən,
qanayan dizlərindən,
Ya da şələləyin kürəklərinizə –
yaşıl-yaşıl kəsdiyiniz,
göycə-göycə qurutduğunuz ağacları –
Cəhənnəmdə sizinçün hazırlanmış
qır qazanının oduncağını,
Öz əlinizlə, əməlinizlə
bir az da gurlandırın ocağını…
11.08.2025.