Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
Sirr var ki, anaya da, bacıya da deyilmir.
Söz var ki, neçə batman bal ilə də yeyilmir,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Mən sevinc topasında qəmi seçə bilirəm,
Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
İllər köçür durnatək, günlər sözə baxmayır,
Səngidir ocaqları, oda-közə baxmayır.
Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!
Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
Ürəyində nə varsa, deməsən də bilirəm,-
Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!