10304351_268609333324646_7910328543693681828_n

Biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Elmin, pedaqogikanın və mətbuat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan qocaman müəllim, tərcüməçi, publisist, ən əsası, dəyərli insan-ziyalı və ağzı dualı ağsaqqal Natiq Səfiyev də yuxarıda sadaladığımız mülklərdə böyük görünənlərdəndir. Əbəs yerə deyil ki, o, bu gün də məşğul olduğu sahələrin sadiq xidmətçilərindən biri kimi təsir bağışlayır. Bəlkə də bu səbəbdən onun hikmət boxçasında zaman aşırımları həyat fəlsəfəsi qədər önəmlidir.
Səmimi deyək ki, çoxlarından fərqli olaraq Natiq Səfiyevin fəaliyyətində, yaradıcılığında və hətta hazırkı sakitliyində belə ədəbi-ictimai hiss total təfəkkürə istinad edir və bu prosedur həyat fəlsəfəsi fonunda mental dəyərlər aşılayır, nəticədə onun həyat qayəsinin obraz və motivləri təmiz əxlaqdan keçmək imkanı qazanır.
Təbiidir ki, insan yaşlaşanda bir az da uşaqlaşır – daha dəqiqi, kövrəkləşir. Bəlkə də 76 yaşlı Natiq Səfiyevin neçə gün idi bizi öz ətrafına toplamaq arzusu elə bu zəmindən irəli gəlirdi; ard-arda zənglər etməsi, məsum səslə həyati fikirlərə diqqət çəkməsi açığı, çoxumuzda qorxu və təlaş da yaradırdı. Yayın inanılmaz istiləri, bir də onun arzuladığı insanların bir yerə toplaşa bilməməsi eynilə də Natiq Səfiyevin təlaşını artırırdı. Nəhayət, 28 avqust 2014-cü il tarixdə Natiq müəllimin dəvəti, bizim də bu real imkandan istifadə etmək şansımız baş tutdu. «Ədalət və Həqiqət» qəzetinin baş redaktoru, özü qədər qəlbi də gözəl olan jurnalist-şair Cəmil Zəbhullaoğlunun təşkil etdiyi maşınla mən (yazının müəllifi), «Açıq səma» qəzetinin baş redaktoru, abırlı-həyalı filoloq-jurnalist Şamo Nərimanoğlu, həmin qəzetin redaktoru istedadlı qələm sahibi Cahan Salmanqızı və bir də Cəmil müəllimin müavini, həm də mindiyimiz maşının sahibi, çöhrəsi nurlu Hacı Əbülfəz Natiq Səfiyevin yaşadığı Xırdalan şəhərinə üz tutduq. Yol boyu etdiyimiz zarafatyana həqiqətlər bizi çox mətləblərdən agah etdi və bir də baxdıq ki, getdiyimiz ünvana çatmışıq. Beləcə, fəaliyyəti boyu qələmə aldıqlarında zaman gerçəkliyi ehtiva edən Natiq Səfiyevin yaşadığı mənzilə daxil olduq və onun xoş, nurlu çöhrəsi ilə bir daha üz-üzə gələ bildik. Görüşmək növbəsi mənə çatanda Natiq müəllimin ağsaqqal-ata məhəbbətli baxışları məni bir az kövrəltdi və dərhal da düşündüm ki, necə olub, onun həyat gerçəkliyinin bir üzü dürüstlükdə, digər üzü inam və etiqadda xarakterizə olunub?! (Əslində, biz Natiq müəllimi bir qədər çılğın-emosiyalı insan kimi tanımışıq axı). Sanki onun daxili hissləri bu suala cavab verdi: Natiq Səfiyevin həyat və yaşam qayəsində varlıqdan təşəkkülə sürətli fikir paylaşması var. Bu prosesi nizamlayan məhz bu zəmindir…
İçəri keçdik. İki otaqlı mənzilin ən böyük otağı Natiq Səfiyevin yaradıcılıq nümunləri ilə bəzənmişdi. On illərin xatirələrini özündə əks etdirən stolun və divanın üzərinə qar dənəcikləri kimi yapışmış qovluqlar, antikvar pianinonun üstünə yerləşdirilmiş kitablar o qədər səliqə ilə düzülmüşdü ki, bir daha Natiq müəllimdəki həyat həvəsinə heyran qaldıq. Bu gördüklərimiz onun 50 illik yaradıcılıq hesabatı idi. Kim bilir, bəlkə də bu qovluqların hərəsində on ilin hikməti var…
Açığı, Natiq Səfiyevin qonaqpərvərliyi haqqında çox eşitmişdik; bu gün isə həmin anı yaşayırdıq. İsti havada sərin küləyin soyuqluq bəxş etdiyi otaqda aura da adama xoş ovqat verirdi. Çay süfrəsi ətrafında Natiq müəllimin zarafatlarına ortaq olduq. Bu ara Şamo müəllim pianinoya işarə edib Natiq müəllimdən soruşdu:
– Yəqin ki, bunda bir şey ifa edə bilirsən?
Natiq müəllim də özünəməxsus şux zarafatla dedi:
– Hə, çala bilirəm, – sonra nə fikirləşdisə dedi: – Mahnıları ginekoloqsayağı iki barmaqla çalıram.
Təbii ki, onun bu eyhamına da gülüşdük. O da güldü, sanki elə bildik onun üçün yeni bir həyat başlayır.
Söhəbtimiz uzun çəksə də, yorucu olmadı. Natiq müəllim bu dəvəti özünün yaradıcılıq və fəaliyyət hesabatı ilə əlaqələndirdi və gəldiyimiz üçün də bizə minnətdarlıq etdi. Xoş və zarafata meylli sözlər bir-birini əvəz etdi, Natiq müəllimin həyat qayəsinə yeni «həmlələr» etdik. O da ağayana ağsaqqallığı ilə hər «həmləyə» bir «zərbə» endirdi və hesab heç-heçə oldu.
Natiq müəllimin görüşünə istedadlı jurnalist, dəyərli qardaşımız Daşdəmir Əjdəroğlu da gəlməli idi. Lakin onun dünən iş növbəsində olması bu reallığa sipər olmuşdu. Natiq müəllim onu aramızda görməyəndə, təbii ki, dilxor oldu, ancaq hərəmiz bir tərəfdən Daşdəmirə haqq qazandıra bildik.
Görüşün bu məqamında sıramıza Natiq müəllimin də tanıdığı «Zəngəzurun səsi» qəzetinin baş redaktoru Yavər Nuriyev və qəzetin məsul işçisi Raziyyə xanım da qatıldı. Söhbət bir qədər də şirinləşdi. Bu şirinlik Natiq müəllimin ovqatına bir az da təsir etdi və o, ayağa qalxıb bayaqdan bəri çoxumuzun diqqətlə baxdığımız pianinonun arxasına keçdi. Akkordla bir-birindən yaraşıqlı mahnılar ifa etdi; köhnənin mahnılarını – o mahnılar ki, bizə kövrək duyğular yaşatdı. Hətta bu mahnılar Cahan xanımı göz yaşlarına belə qərq etdi. Natiq müəllimsə öz məharətini nümayiş etdirməkdə idi. Arabir çiyinlərini ritmə uyğun hərəkət etdirməsi vəziyyətə əlavə rəng qatırdı. Açığı elə bilirdik ki, pianinonun arxasında peşəkar bir çalğıçı var.
Natiq müəllimlə qarşı-qarşıya gələndə, həmişə belə qənaətə gəlirik ki, əgər varlıq yoxdursa, mütləq təşəkkül var.Çünki həyatın özü artıq təşəkküldür və həyata bağlılıq da varlığa çıxışdır. Bunu da ona görə belə zənn edirik ki, bu çöhrəsi təbəssümlü ağsaqqalın həyata çıxışı sistemlidir; bu sistemin də rapsodik çevrilmə anı müşahidəmizdə təbii canlanır.
Bilmirəm, hansı səbəbdəndir, bəlkə də ata nəvazişi görmədiyim üçün mənə belə gəlir ki, insanın öz orbitindən çıxma ehtimalı anlaşılan şəkildədir; çünki bu ehtimal qarışıq təzada zəmin yaradır. Bu mənada, şəxsən mən Natiq müəllimlə görüşdə bir daha anladım ki, adi həyat içində qeyri-həyata sövqetmə bu ağsaqqal üçün vərdiş yox, bir reallıqdır.
Natiq müəllimlə görüşümüzün ekstremal şəraiti həyat-tale çıxıntılı idi. Bu çıxıntıda obyektiv idealizmin daşıyıcısı olmaq bizim üçün mümkün idi; lakin elə etməli idik ki, bu dəvətin əsl məqamında bizim adi fikir və düşüncəmiz səbəbkarın «marağı» ilə zidd olmasın. Əks halda insan olaraq inkara tuş gələ bilərdik. Ancaq çox şükür, istəyimizə nail olduq.
Natiq müəllim iki-üç saatlıq hesabatında yaşam və ünsiyyət məğzlərinə ictimai məna verdi, söhbətlərində təzahür edən ictimai mülahizələrə geniş yer ayırdı. Biz bundan çox şey götürdük. Bu meyllər diqqətimizi bir neçə vacib məqama çəkdi: həyata baxış, gerçəkliyə inanma və hissi qavramalara əsaslanma. Bu kodeksləri Natiq müəllimin ağsaqqal yanaşmalarından ictimai zərurətə keçid kimi də qəbul etmək olardı… Ona görə ki, onun fikirlərinin əksərində diqqətə çəkilən hissiyyatların dəqiq ünvanı vardı.
Natiq müəllimə qulluq edən xanımın nəzakətli davranışları və təmiz qulluğu bizdə həyata nikbinliyi bir az da artırırdı.
Vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı. Ayrılmaq məqamı yetişmişdi. Ancaq nə Natiq müəllim bizdən ayrılmaq istəyirdi, nə də biz ondan. Nə etməli, vaxt həmişə öz inadkarlığında qalır; redaksiya problemləri, iş qayğıları bizi ayrılmağa məcbur edirdi.
Vaxt bəbəklərini ağardan kimi dəyərli insan və ziyalı Natiq Səfiyevlə sağollaşmalı olduq. O, məni bir ata kimi möhkəm-möhkəm qucaqladı və gözlərindəki oğul məhəbbəti məni təsirləndirdi. Yol boyu bu dəvətin – bu hesabat xarakterli görüşün həm də bir fəlsəfi məna kəsb etdiyi barədə düşündüm. Və içimdə qeyri-ixtiyari bu sözlər tumurcuqladı: «Ağsaqqallıqdan əskik olmayasız, Natiq müəllim!»