10304351_268609333324646_7910328543693681828_n

Çoxumuza bəllidir ki, zaman ara-sıra işığın qaranlıqda əksini elmi-ədəbi qaynaqlarla isbata yetirir. Bəzən mahiyyətinə vardığımız və vara bilmədiyimiz çətin prosesləri idrakımıza sığışdırmağı bacaran da məhz zaman olur. Buna görə xalqlar əsrlər boyu zaman qarşılığına böyük ehtiram göstərib. İstedadlı qələm sahibi Mayisə Əsədullaqızının şeirlərində də demək olar ki, çox mənada məhz zaman anlayışı təsvirə cəlb olunur. Onun yaradıcılıq məğzini də bu prosesin bir davamı kimi qəbul etmək doğru olar.
Maraqlıdır ki, Mayisə xanımın şeirlərində fəlsəfi traktat çevrilmələri və özündə abstrakt həyat qaynağı ifadə edən lakonik fikri-ifadələr yoxdur. Onun mahiyyətinə vardığı bütün ifadələrdə sadə vizuallıqda çırpınan uyğun bir dərketmə görürük və bizə elə gəlir ki, bu fikirlər qaranlıqdan başlayır, işığa doğru hərəkət edir və son etibarilə yenə də qaranlığa varid olur. Ancaq o, ifrata varmadığı üçün yekun ədəbi hədd ümidverici olur.
Yaxud Mayisə xanımın şeirlərində dünənimiz, bugünümüz və həm də sabahımıza açılan cığırları görə bilirik. Bu cığırlar şübhəsiz ki, müəlliflə oxucu arasında isti bağlılıq yaradır. Bu cığırlarda Vətən məhəbbəti sərgilənir, yurd-yuva ağrısı diqqət çəkir:

Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum- nişanım,
…Şıltaq gözəl təki, xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!

Vətən – Qarabağ dərdi Mayisə Əsədullaqızının demək olar ki, ən çox aludə olduğu dərddir. Bu dərdin içində ictimai məğzlər də çırpıntıya məruz qalır, lakin bu dərd bütövlükdə Vətən dərdi kimi diqqətə çatır. Məhz onun yuxarıdakı şeirində də dərd çulğamış və yaraları hələ də qaysaqda qalan bir Vətən göynəmi özünü ifadə edir. Qarabağ onun həm kədəri, həm şanıdır. Ən nəhayət, müqəddəs piri-ocağıdır. Bu ocaqda gözəlliklər bərq vurur. Mayisə xanım bu mənada şeirin sonunda Qarabağı «Gözəllik Kəbəsi» adlandırmaqda haqlıdır.
Yaradıcılığını əsasən vətənpərvərlik mövzusunda şeirlərlə zənginləşdirən Mayisə Əsədullaqızı Vətən sərhədlərinə də xüsusi önəm verir. Onun «Şərəfli sərhədçilər» şeiri də bu qəbildəndir:

Vətən torpağı – canı,
Havası, suyu qanı.
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!

Əlbəttə, Vətən sərhədlərdən başlayırsa, qələm adamı da bu məntiqə diqqət ayırmalıdır və necə ki, Mayisə xanım bu mövzuda çoxumuzu qabaqlayıb.
Mayisə Əsədullaqızı lirik-ictimai şeirlər də yazır. Onun zamana mütabiq əks olunan və ən çox da reallığa söykənən fikir və ifadələrində həyat boyalı şəkildə deyil, olduğu tərzdə diqqət çəkir. Bunu cəmiyyət fövqündə real həqiqətlərə israrçılıq sərgiləyən istedadlı şairin bir neçə şeiri vasitəsilə isbata yetirək:

Ucalıb göylərə başı yurdumun,
Qızıldı, yaqutdu daşı yurdumun!

***
Mən ki, qırılmış bir siməm,
Piyalə gözləri nəməm,
Ürəklərə yağan qəməm,
Kim aldadıb atdı məni,
Özgələrə satdı məni?!

***
Yağış yağır, damcı-damcı,
Ürəklərə qəm ələnir acı-acı.
Həm də zülmətə bürünmüş bu gecəyə
Kədər verir yağan yağış,
Damlaları naxış-naxış.

Mayisə xanım bu şeirlərdə yaşanılmış bütöv bir ömrü ictimai örnək kimi göstərməyə çalışıb. Bu cəhd onun inkişafda olan ədəbi yaradıcılığımızın modernçi mövqeyinə məhəbbətini özündə əks etdirir.
Yaxud bu şeirlərdə müasir həyatımızın təfərrüatları ictimai xarakter kəsb edən fikirlər vasitəsilə təfsir edilir. Bu da müəllifin cəmiyyətə doğma münasibətin bir təzahürüdür.
Mayisə xanımın şeirlərində ara-sıra diqqətimizi cəlb edən ictimai-ədəbi situasiyalar bir qolunu da belə deyək, sürreal-mistik səmtdən götürür. Və bu istiqamətin zəruri fəlsəfi miqyasları görünən əhatədədir. Bu mənada, bu şeirlərdəki bəzi çək-çevirlər real ədəbi hissiyyatlara varid ola bilmək üçün bizə stimul verir.
Əslində, Mayisə xanımın şeirlərinin süjet xəttində ictimai gerçəklik və çoxumuza məlum tarix, əhatəli zaman və bir də ən əsası, mövcudluğa əks insan baxışı durur. Ümumiyyətlə, son illər bu israr yeni meyllərə səmt verir və Mayisə xanım da öz ovqatdəyişmə missiyasını bu əhatədə var-gəl etdirir; onun sadə-vizual enmədən müasir-mistik-fəlsəfi və ictimai yüksəlməyə əhatəli baxışlar sıçratması bu məğzlərə tam bələd olması ilə xarakterizə edir.
Zamanın əks etdirdiyi həqiqətlər ictimai tipiklikdə real qiymətini alır. Bu mənada, Mayisə xanımın şeirlərində əsas qayəçi ruh mümkün qədər həyat və tale məsələlərinə sirayətetmə ilə də təzahür edir. Bu şeirlərdə həm də bir cəhət üzə çıxır: fərd və zora məğlubolma ibtidaidən düzgün təyinetməyə uğramayıb, buna görə mənəvi sınmalara israrçı baxışlar çoxdur.
Əminik ki, Mayisə Əsədullaqızının şeirləri cəmiyyət-vətəndaş münasibətlərinin formalaşmasında öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ biləcək və ən əsası, bu şeirlərdə vacib faktor kimi qabartdığımız ictimai yanaşma ziyadan fəlsəfi ovqata uzanan körpüdən asanca keçə biləcək.
Mayisə xanım həm də “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, şair-publisistdir. Əminik ki, onun ədəbi missiyası ilə jurnalist qayəsi eyni səmtə – yaradıcı inkişafa səmt götürmək israrındadır.
Və Mayisə Əsədullaqızının şeirləri haqqında əlbəttə ki, çox söz demək olar. Lakin bu şeirlər öz əhatəsində vacib düşüncələrə meydan verir deyə, əsas işi oxucuların və zamana istinad etməyi bacaran kəslərin ixtiyarına buraxırıq.
Bizə qələm dostumuzu təbrik etmək qalır.

Hikmət Məlikzadə,
AYB-nin üzvü, Prezident mükafatçısı