“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

* * *

Qurduğun xəyallarından
Geriyə dönmək qədər
Çətin yol yoxdu bu dünyada.
Gözlərindən yıxılan göz yaşlarını
Yanağın da qaldıra bilmir.
Baxışların buz kəsilir.
Başını qaldırıb göyə baxırsan,
Göy üzündə sənin çarəsizliyinə
Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
Qaralır dünyan, qaralır,
Həyatın göz qapaqlarının
Arası qədər daralır…
Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
İçindəki təkliyi heç kim görmür…

* * *

Şəhərdə tanış üzlər-
Gülümsəyir hamı.
Amma arxa fonda
Ümidsizliyin reklamı.
Vaxtı keçən yaşımdan
Boylanıram günümə-
Bir az vicdan yüküm var,
Bir az təsəllim.
Bərabərdi,
Şükür yenə.
Söz yox.
Daha gözümdə böyütmürəm
Heç kimi, heç nəyi-
Buludlardan başqa.
Sağlığıma qismət,
Bir cüt qara buludum var,
Boşalacaq axşam.