“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Sonra
Səssizlik çökər gözlərinə.
Kipriyindən asdığın
Yaş da quruyar,
Əllərin qoynundan yarıyar.
Gözəl-göyçək ümidlərlə
Aranı vuran tapılmaz.
Hər yerin elə ağrıyar,
Bir dənə yaran tapılmaz.
Susarsan,
Elə susarsan,
Bircə gözlərin səs edər…
İlahi, nə çox düşündün?
Mənə ölüm də bəs edər.
* * *
Hər şey yoluna düşür,
Öyrəşirəm təkliyə.
Nə sənə əl uzadıram,
Nə Tanrıya – əllərimdən çək deyə.
Hər şey yoluna düşür,
Səhər-axşam darıxmaq da
Vərdiş halına düşür.
…Gözlərimdən axıb getdi,
Ürək bir ovuc su idi.
Amma hələ düşünürəm:
Yarım qaldı,
Ya tamamı bu idi?..