Düşündüm, daşındım bir şeir yazım
Qələm ha vurnuxdu, yaza bilmədim.
Görəsən ilhama daha nə lazım?
Mən onun keyfini poza bilmədim.
Mizrabı götürüb ha vurdum saza
O da özün qoydu işvəyə, naza
Təbim ha istədi könlümə sıza,
O sızdı,mən kəlmə cıza bilmədim.
Çox xiffət eylədim qəlbim üzüldü
Hələ kirpiyimdən yaş da süzüldü
İnan, yanağıma damla düzüldü
Kağıza bir kəlmə düzə bilmədim.
Kəlmələr özünü qoydu tabağa
Canımı verərdim sözə sadağa
Bilmirəm nə idi bu qəlp qadağa
O üzdü,mən onu üzə bilmədim.
Dözmədi min dərdə dözən Hacılı,
Şeir dənizində üzən Hacılı,
Hər sirri asanca çözən Hacılı,
Bu sirri neylədim çözə bilmədim.