
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən Yunus Əmrə İnstitutu Bakı Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının dəstəyi ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Bakı və Şəki şəhərlərində dostlarının görüşü təşkil olunub.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Bəxtiyar Vahabzadənin məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Bakıdakı tədbir TÜRKPA Katibliyində baş tutub və çıxışlarda şairin ədəbi irsi, pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Tədbirin əsas hissəsi Şəkidə keçirilib. Toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, dövlət, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxışlarda Bəxtiyar Vahabzadənin azadlıq ideallarına, milli dəyərlərə və Türk dünyası birliyinə sədaqəti vurğulanıb.
Tədbir çərçivəsində qonaqlar şairin ev-muzeyini və Şəki Xan Sarayını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Yubiley tədbirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir.
Mənbə: https://azertag.az/