Kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir
“Qanun” nəşriyyatında “Cəsur qızların kitabı”nın təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər kitabın verdiyi mesajların və oradakı rol modellərinin qızlar və ümumilikdə cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitabın ideyası barədə danışaraq, onun geniş oxucu kütləsi üçün əhəmiyyətli ola biləcəyini vurğulayıb. Qadınların ictimai-siyasi həyatda aktivliyini vacibliyini bildirən Köçərli kitabın kiçik yaşlarından qız uşaqları üçün rol modellər tapmaqda kömək edəcəyinə inandığını söyləyib.
Tərtibçi-müəllif Günel Natiq çıxışında bildirib ki, “Cəsur qızların kitabı” olduqca dəyərli, lazımlı və gərəkli layihədir: “Bu təşəbbüs üçün “Qanun” nəşriyyatına öz təşəkkürümü bildirirəm. Kitabda 22 yenilikçi Azərbaycan qadını haqqında hekayətlər toplanıb. Bu qadınların hər biri öz sahəsində çevriliş, inqilab edib, şəriət qanunlarının təzyiqi altında əzilən cəmiyyətə yeniliklər gətirərək zirvələr fəth ediblər. Biz onları fateh qadınlar da adlandıra bilərik. Bu qadınlar köhnəlmiş adət-ənənələrdən doğan stereotipləri qıraraq, öz yolunda inamla irəliləmiş və böyük cəsarət göstərmişlər. Bu xanımların hər biri tarixdə rəğbətlə anılır, hərçənd onlar haqqında bilgilərimiz elə də çox deyil. Tarixdə iz qoymuş bu görkəmli insanlar haqqında bilgiləri yeniləməyə, onları daha oxunaqlı şəkildə təqdim etməyə ehtiyac vardı”.
“Biz bu kitabı niyə ərsəyə gətirdik? Niyyətimiz mədəniyyət tarixi, sənət tariximizlə bağlı yeniyetmələrimizə bilgi verməklə yanaşı, həm də onlara bu fikri aşılamaq idi ki, heç bir maneə dəf edilməyəcək qədər qorxulu deyil”, – müəllif vurğulayıb.
G.Natiqin sözlərinə görə, çox zaman qızlar peşə seçimində tərəddüdlər qarşısında qalır və bu tərəddüdləri cəmiyyətin önyarğıları yaradır: “Kitabda bəhs etdiyimiz cəsur qızlar da cəmiyyətin qadağalarıyla üzləşiblər, amma bu yolda sınmadan, geri çəkilmədən məqsədlərinə doğru gedib və uğur qazanıblar. İnanıram ki, “Cəsur qızların kitabı” yeniyetmələrin özünü realizə etməsinə kömək edəcək, onlara öz məqsədlərinə doğru gedən yolda dəstək, dayaq olacaq və hər zaman zirvələr fəth etməyə ruhlandıracaq”.
İlk komandir qadın Aida Şirinova da kitabın və ümumiyyətlə, ölkədə qadınların qətiyyətli olmasının vacibliyindən danışıb, həmçinin, özünün həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə kitabın ideya müəlliflərindən olan Lalə Rəhmanova, həmçinin yazar Gülnar Əhməd, Azərbaycanda ilk komandir qadın Aida Şirinova kitabla, həmçinin qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. L.Rəhmanova kitabın necə ərsəyə gəlməsindən və ondan olan gözləntilərdən də söz açıb.
Qeyd edək ki, kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir.
Mənbə: https://ayna.az/