Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. XIX əsrdə Qarabağda toxunan xalça və palazların kəmiyyət və keyfiyyətinə görə Şuşa birinci olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.
Videoçarxda qeyd edilir ki, incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən “Ləmpə”, “Qoca”, “Bulud” xalçaları və “Dəst xalı-gəbə” kimi xalça dəstləri Şuşada toxunub. Bu xalçalar xovun hündürlüyü, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü toxunmaları ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və geniş malikanələrin bəzədilməsi üçün iri ölçülü xalçalar toxunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Neçə-neçə minilliklərə, əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünyada mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir. Qarabağ xalçalarını dünyaya tanıdan, “Şuşa havamdır” deyən xalçaçılıq elminin banisi Lətif Kərimov da Şuşada doğulub.