Divarları danışan evlər: Şəki memarlığının sirli gözəlliyi

Bir ev yalnız daşdan qurulmur…

Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki təkcə tarixi ilə deyil, ev memarlığındakı zəriflik və ağıllılıqla da seçilir. Şəki evləri, sadəcə, yaşayış məkanı deyil-onlar bir dövrün dünyagörüşünü, zövqünü və təbiətlə harmoniyasını əks etdirən taxta, daş və rənglə yazılmış hekayələrdir.

İqlimə uyğun ağıllı tikinti

Şəki dağətəyi zonada yerləşdiyi üçün burada yay isti, qış isə sərt olur. Bu səbəbdən, Şəki ustaları ev tikərkən iqlim şərtlərini əsas götürmüşlər. Qalın divarlar, hündür tavanlar və geniş eyvanlar evləri yayda sərin, qışda isə isti saxlayır. Evlərin çoxunda kuzəxana (mətbəx), zal (qonaq otağı), eyvan, gizli keçidlər və şəbəkəli pəncərələr olurdu.

Şəbəkəli pəncərələr: işıqla oynayan sənət

Şəki evlərinin pəncərələri adi deyildi. Şəbəkə sənəti ilə düzəldilən bu pəncərələr taxtadan, mismarsız və yapışqansız hazırlanırdı. Gün işığı bu rəngli pəncərələrdən keçərək otaqlara düşəndə, divarlar naxışla boyanmış kimi görünərdi. Bu, evin həm işıqlandırılması, həm də bədii görkəmi üçün nəzərdə tutulmuşdu.

Taxta oyma və tavanlar

Şəki ustalarının özəlliyi həm də taxta oyma sənətində idi. Evlərin içindəki sütunlar, dolab qapıları və tavanlar bir-birindən fərqli naxışlarla bəzədilərdi. Bu oyma sənəti təkcə zövq məsələsi deyil, həm də hər ailənin sosial statusunu göstərən bir göstərici idi.

Divar naxışları və freskalar

Bəzi evlərin daxili divarları əl işləri ilə bəzədilirdi. Bu naxışlar çiçək, günəş, ay və bəzən insan siluetlərini əks etdirirdi. Hər bir rəsmin bir mənası vardı-ailə uğuru, bolluq və qorunma arzusu.

Həyət evləri və mədəni quruluş

Ənənəvi Şəki evləri bağlı həyət sisteminə əsaslanırdı. Həyətlərdə meyvə ağacları, hovuzlar və çiçək kolları olurdu. Uşaqlar bu həyətdə böyüyər, qadınlar çörək bişirər, kişilər isə axşam saatlarında çay süfrəsi arxasında gündəmi müzakirə edərdi. Belə evlər yalnız daş divarlardan ibarət deyildi- onlar bir cəmiyyətin kiçik modeli idi.

Samirə Yusifova (Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Elmi işçi)

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir