
Məşqlərinə başladığımız “Kamança 20/20” tamaşasında 1920-ci ildə baş verən hadisələrlə müasir dövrün – 2020-ci ilin hadisələri arasında paralellər qurulur, keçmişlə bu gün arasında bədii keçidlər yaradılır. Mənim canlandırdığım obraz isə Qəhrəman yüzbaşıdır. Rejissor Nihat Qulamzadə əsərə tamamilə yeni interpretasiya və fərqli yanaşma gətirib. Tamaşa bizi keçmişə nəzər salmağa, eyni zamanda həmin hadisələrin müasir dövrdəki əks-sədasını görməyə dəvət edir.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti Sabir Məmmədov deyib.
O qeyd edib ki, əsərdəki Baxşı və Qəhrəman yüzbaşı kimi obrazların prototiplərinin bu gün də cəmiyyətimizdə mövcud olduğunu görürük. “Zaman dəyişsə də, insan xarakterləri, düşüncə tərzi və müəyyən davranış modelləri öz aktuallığını qoruyur. Tamaşanın finalında səslənən əsas fikir də məhz bununla bağlıdır: hər şeyi bağışlamaq mümkün olsa da, ayıq-sayıqlığı itirmək, baş verənlərə və insanlara kor-koranə inanmaq olmaz. “Kamança 20/20” həm Akademik Milli Dram Teatrı, həm Azərbaycan mədəniyyəti, həm də teatr ictimaiyyəti üçün yeni yanaşması və fərqli interpretasiyası ilə seçilən maraqlı səhnə əsəri olacaq. Tamaşanın tamaşaçılar tərəfindən də maraqla qarşılanacağına inanıram”, – deyə Xalq artisti əlavə edib.
Müxbir – Fidan Əlizadə
Mənbə: https://azertag.az/