
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Mən sənin bir ömür qəm ortağınam,
Mən də kimsəsizəm, təkəm, İlahi!
Tənha dolaşıram yalquzaq kimi,
Yerlərdən, göylərdən tərkəm, İlahi!
Ox atdım, hədəfi dəlib keçmədi,
Gör neçə arzuya qəlib keçmədi.
Yenə doğanaqdan gəlib keçmədi,
Yenə çürük çıxdı örkən, İlahi!
İlana, çayana yarpız yeriyəm,
Sevgiylə nifrətin çarpaz yeriyəm.
Mən hələ çoxuna qapaz yeriyəm,
Mən hələ çoxuna ərkəm, İlahi!
Ürəyim nisgilli, gözüm yaş oldu,
Yolum yoxuş oldu, önüm daş oldu.
İbrət sərgisində yerim baş oldu,
Yaxşıya, yamana görkəm, İlahi!
Üstümə yeriyir qüsurlar indi,
Marıqda izimi pusurlar indi.
Hər adın önünə qoşurlar indi,
Yaman ucuzlaşıb “görkəm”, İlahi!
Düşmənin altı nə, üstü nə, göndər,
Alt ünə göndərmə, üst ünə göndər.
Məni fironların üstünə göndər,
Sənin əsgərinəm – TÜRKəm, İlahi!
09.11.2026