Ömür yolcusuyam , limanım sənsən,
Sevginlə qaynayır qanım , Neftçalam.
Yelkənli qayığam , ümmanım sənsən,
Sənə əmanətdir canım , Neftçalam.
Sən mənə sadəcə ünvan deyilsən,
Ümid qaynağısan , ata ocağı.
Varsan , həqiqətsən , güman deyilsən,
Mehrin , məhəbbətin ana qucağı.
Xəzər şirin-şirin çalır laylanı,
Oxşayır hüsnünü gilavar , xazri.
Günəş səndə doğur , şəfəq parlayır.
Bəxş edir cahana zərrin səhəri.
Daim küləklərin zümzüməsidir.
Kür ilə Xəzərin vüsal nəğməsi.
Tarixin əbədi yaddaş səsidir,
Qumlu sahillərin qüdsal nəğməsi.
Bəzəksiz-düzəksiz gözəlliyində,
Tanrının öz zövqü, möcüzəsi var.
Sənin öz cazibən özəllyində
Ürəkdən sevənə sirrini açar.
Nə uca dağların, nə ormanların
Nə buz bulaqların, çeşmələrin var
Amma ləyaqətli, mərd insanların,
Ürəyə yatımlı çeşnələrin var.
Zəngin ovlaqların, sutatarların,
Ceyranlı, turaclı çöllərin vardır.
Yerüstü, yeraltı, sərvətin, varın,
Barlı-bərəkətli ellərin vardır.
Ömür yolcusuyam , limanım sənsən,
Sevginlə qaynayır qanım , Neftçalam.
Yelkənli qayığam , ümmanım sənsən,
Sənə əmanətdir canım , Neftçalam