(bəzən ötən illərə dönməmək olmur)
Ölüm-nemətlər xası,
Dönüm beş arşın ağa.
Ürəyimin parçası,
Daha durum ayağa.
Köç etməmiş nə qalıb,
Varlığım çilik-çilik-
Mən gedirəm,hələlik.
Şaxta vurub qurutdu,
Od təpəmdən tökülmüş.
Vaxt lil suyu durultdu,
O qəlb yerim deyilmiş.
Məgər kimsə kam alıb,
Sevgi yoxkən bir qəpik?-
Mən gedirəm,hələlik.
Baxmadım ki özümə,
Yara bağlı olandan.
Çoxu düşdü izimə,
Sən kənarda qalandan.
Rəngim,ruhum saralıb,
Üst-başım çirkli,şölük-
Mən gedirəm,hələlik.
Keçər beş il,on beş il,
Üzləşdirər təsadüf.
Sorarsan nədir,Aqil,
Niyə halın dəyişib?
Görəcəksən qocalıb,
Bel bükük,əldə çəlik-
Mən gedirəm,hələlik,
Mən gedirəm,hələlik…