asm

(qoca ovçunun dediklərindən)

…Ömrüm təbiətin qoynunda keçib.Elə anlarım olub ki,ov yerinə tüfəngi sinəmə dayayıb özümü öldürmək istəmişəm.Heyvanların quşların bir-birilərinə olan sevgilərini sözlə izah etməyə gücüm yetmir.Hərdən fikirləşirəm ki,insan da öz tayını,öz yarını belə sevsəydi nəinki ailə daxilində söz-söhbət,hətta dünyada müharibələr olmazdı…
Qu quşları haqqında çox danışırlar.Gənclik illərindən bu sahədə müəyyən təcrübələrim də var.Məsələn,bilirdim ki qu quşunun birini vuranda,o biri quş xiffətdən,sıxıntıdan ölür.Yəni onu həyata yenidən nə isə bağlaya bilməz.Amma sonuncu hadisə silahı həmişəlik əlimdən yerə qoymağa məcbur etdi.
O dəsmalını çıxarıb burnuna yaxınlaşdırdı onu siləcəkmiş kimi,amma gözünə apardı.Deyəsən gözləri yaşarmışdı və bunu məndən gizləmək istəyirdi.
-Hə,çöldə ovda idim,-deyə sözə başladı.Göldə üzən qu quşları diqqətimi çoxdan cəlb etmişdi.Nişan aldım,kaş əlim əsəydi,güllə yayınaydı.Yox,yayınmadı,hədəfə dəymişdi.Ovu götürdüm.Mənim geri-evə dönməyim xeyli çəkdi.Sağ qalan quşun qəribə hərəkətləri məndə güclü maraq oyatmışdı.
..Quş bütün gücü ilə havaya qalxırdı.Kifayət qədər uçandan sonra qanadlarını gövdəsinə sıxıb bircə anlıq havada dayandı.Sonra bir daş parçası kimi yerə düşdü.Ona çatanda quşu ölmüş gördüm.
Qoca ovçu boğazını arıtlayıb davam etdi:
-Hə,oğul,həmin quşun deyəsən heç xiffət çəkməyə belə həvəsi olmadı.O ölümü ilə özünü sevgilisinə “çatdırdı”.Qu quşu mənə çox şeyi anlatdı…