Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
“Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
“Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Yaxşı ki, özümdə deyil ürəyim,
Həsrətin əlində ləçək olardım.
Kimisə gətirib xəzan ömrümə,
Baharı qış gəlmiş çiçək olardım.
Yaxşı ki, özümdə deyil, ürəyim,
Paslı ümidlərin baxışı idim.
Bəlkə də taleyin acı gülüşü,
Bəxtimin qaraca naxışı idim.
Yaxşı ki, özümdə deyil, ürəyim,
Hər gün asılardım dar ağacından.
Gözüyaşlı qalan arzularım da,
Ölərdi içimdə vallah acından.
Yaxşı ki, özümdə deyil ürəyim,
Nə göyə, nə yerə əlim çatardı.
Gülüb dərdlərimin çiçək üzünə,
Bəlkə də səbrimə səbir qatardım.