Əziz Ülkər Xanıma

Bir gün yerə qoymadı:

nə gözündən – eynəyi,

nə əlindən – qələmi.

Görənlər, belə gördü

Şirməmməd müəllimi.

Qalxdı –

şax baxa-baxa,

tay-tuşunun üzünə, –

Müəllim kürsüsündən.

Şirməmməd kürsüsünə.

Qızlarının atası,

xanımının əriydi.

“Cümhuriyyət” –

sonuncu

şahanə əsəriydi.

Sinədəftər deyirdi

Varaq-varaq tarixi.

Ya Qədim tarix olsun,

ya Qarabağ tarixi.

İstiqlal deyirdisə,

o söz –

şüar deyildi.

Millətin özüydü o.

Ona oxşar deyildi.

Türkün qardaşlığından,

Nuru Paşadan dedi.

“Azərbaycan, sən oldun,

məni yaşadan” – dedi.

Azərbaycan deyəndə,

Bir az ucadan dedi.

Bir çağırış səsiydi,

himnin bir nəqəratı.

Bir hünər dünyasıdı,

bir müəllim həyatı.

Oyaq qaldın, indi yat

sevdiyin torpaq altda.

Vətən döyüşlərdədi,

Üçrəngli bayraq altda.