
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə konstitusiya hüququ və tarixi, müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, “Konstitusiya və Suverenlik İli” və mövzu ilə bağlı digər məsələlər haqqında Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu keçiddən istifadə edə bilərlər.
Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1996-cı il fevralın 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Mənbə: https://azertag.az/