
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə süni intellekt texnologiyası vasitəsilə “Dövlətçiliyin təməli və zəfər salnaməsi” adlı material istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat konstitusiyanın tarixi əhəmiyyətini, dövlətçilik tariximizdəki rolunu və insan hüquqlarının qorunmasında əhəmiyyətini geniş auditoriyaya çatdırmaq məqsədilə hazırlanıb.
Təqdimatda Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi, Ulu Öndər Heydər Əliyevin bu sahədə olan tarixi xidmətləri, müstəqil dövlətçiliyimizin hüquqi əsaslarının formalaşması, eləcə də Konstitusiyanın ölkənin siyasi, hüquqi və sosial inkişafındakı rolu haqqında məlumat verilir.
Materialda Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiyanın qəbul edilməməsi, sovet dövründə qəbul edilmiş konstitusiyaların SSRİ-nin ideoloji prinsiplərinə uyğunlaşdırılması tarixi faktlar əsasında təqdim olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatda müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın yaradılması və bu istiqamətdə aparılan məqsədyönlü işlər geniş şəkildə işıqlandırılır.
Materialda Konstitusiyanın zamanın tələblərinə uyğun təkmilləşdirilməsi, müxtəlif referendumlar vasitəsilə ona edilmiş əlavə və dəyişikliklər, bu dəyişikliklərin dövlət idarəçiliyinin, sosial-iqtisadi inkişafın, məhkəmə və bələdiyyə sisteminin təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət etdiyi qeyd olunur.
Bununla yanaşı, materialda Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası ilə bağlı mühüm tarixi hadisələr, Şuşa şəhərində Konstitusiya Məhkəməsinin Plenumunda baxılmış üç iş üzrə qərarların elan edilməsi haqqında məlumatlar da yer alır.
“Dövlətçiliyin təməli və zəfər salnaməsi” adlı təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.
Mənbə: https://azertag.az/