Heç yadına düşmədimmi?

Payız qapını alanda,
Otağında tək qalanda,
Düşünüb fikrə dalanda
Heç yadına düşmədimmi?

Yastıqına baş qoyanda,
Yuxu gözünü oyanda,
Gözün tavanı sayanda
Heç yadına düşmədimmi?

Sevənlər birgə gəzəndə,
Toyda-mağarda süzəndə,
Saçlarında əl gəzəndə,
Heç yadına düşmədimmi?

Ürkək quşum, susdun, getdin,
Oxundun, dinləndin, bitdin.
Xəyal təki gözdən itdin,
Heç yadına düşmədimmi?

Durnalar geri dönmədi,
Bəxt quşum yerə enmədi,
İçimdə çəkdim, dinmədim,
Heç yadına düşmədimmi?

* * *

Əllərim havadan asılı qaldı,
Yalvardım Tanrıya səsim yetmədi.
Canımı həyəcan, vahimə aldı,
Mənim həsrətimin sonu bitmədi.

* * *

Bu dünyanın yükünü çəkməyə gücüm yetməz,
Nə qədər hayqırsam da ünüm Tanrıya getməz.
Mən yolların yorğunu, qüssə tutmuş ruhumu,
Paxır tutmuş kədərim nə söylənər, nə bitməz.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.