
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
Bir payız günündə
gəldik üz-üzə,
Hara baxırdımsa, duman, çən idi.
Yarpaqlar budaqda dönmüşdü közə,
Od tutub alışan ağac mən idim.
Elə sanırdım ki, bu çən, bu çisək,
Dünyaya səpilən həsrət külüdü.
Elə bil köksümdə sevdalı ürək
Təzə qönçə tutan qızılgül idi…
Bir sarı yarpaqmı sevgimin barı,
Qopub budaqlardan köksümə düşüb?
Gözlərin gözümdə nəsə axtarır,
Gözlərim gözündə tilsimə düşüb.
Təbəssüm görəndə sənin üzündə,
Yenidən közərdi tüstülü ocaq.
Sevgi şimşəkləri çaxır gözündə,
Ay aman, indicə yağış yağacaq!
Qızaran yanağın dönmüşdü közə,
Sanma mənim işim qar-yağışladı!
Bir payız günündə gəldik üz-üzə,
Təzə bir sevginin yazı başladı…
14.11.2015