Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qaya” Dövlət Ansamblının ifasında “Arşın mal alan” fantaziyası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında hazırlanan layihədə əsərin əsas solo və xor nömrələri çoxsəsli estrada-caz üslubunda işlənib. Fantaziyanın müəllifləri Azərbaycanın Xalq artisti, əfsanəvi “Qaya” kvartetinin solisti Rauf Babayev və ansamblın solisti, bəstəkar, pianoçu və aranjimançı Nazim Əhmədovdur.

Rauf Babayevin 2015-ci ildən işləməyə başladığı layihənin xor və vokal hissələri ona, instrumental və aranjiman işləri isə onun nəzarəti altında Nazim Əhmədova məxsusdur. Texniki və maliyyə problemləri səbəbindən tam reallaşdırılması ləngiyən layihənin müəlliflərindən Rauf Babayev 2020-ci ildə, Nazim Əhmədov isə 2026-cı ilin aprelində vəfat ediblər və bu itki layihənin taleyini həmişəlik qapadıb.

“Qaya” Dövlət Ansamblının 2024-cü ildəki üç konsertindən sonra festival çərçivəsindəki bu təqdimat fantaziyanın dördüncü ifası olub. Əsərdə komediyanın əsas lirik obrazları – Əsgər, Gülçöhrə, Süleyman, Asiya, Vəli və Telli yer alıb (Sultan bəy və Cahan xanım obrazlarının isə xoreoqrafik nömrədə təqdimi nəzərdə tutulub).

Hazırda yığcam formada təqdim olunan layihənin gələcəkdə dialoqlar əlavə edilərək tamhəcmli musiqili tamaşaya çevrilməsi planlaşdırılır. 

Müxbir- Lalə Minasazova

Foto- Tofiq Babayev

Mənbə: https://azertag.az/