Gələrəm, sən gözlə,… gözlə baharı,
Əriyər dağların bu soyuq qarı.
Könlümün bəhrəsi, bəxtimin varı,
Ay keçər, il keçər, mən qayıdaram!…
Həsrətə söykənib gözlə sən məni,
Gəlməyə bilmərəm gözləsən məni.
Gecələr yuxunda səsləsən məni,
Ün gələr, an gələr, mən qayıdaram!…
Bilimsiz zamandır, ötəcək yenə,
Çöllərdə lalələr bitəcək yenə.
Kədərin keçmişdə itəcək yenə,
Ay batar, gün çıxar, mən qayıdaram!…
Sevgilim, bizimki yarı həsrətdi,
Yarı məhəbbətdi, tamı qismətdi.
Tamını danışsam uzun söhbətdi
Söz yetər, vaxt çatar, mən qayıdaram!…
Olmuşam eşqindən dəli, havalı
Naxoşam, mənim də canım azarlı,
Vüsala saxla sən şirin vüsalı,
Darıxma, darıxma, mən qayıdaram!…