Ömrü yaşamıram,yola verirəm,
Günləri günlərə satıram hər gün.
Sabahdan umduğum bir ümid üçün,
Gecə başlamadan yatıram hərgün .

Tezdən oyanıram yeni gün deyə,
Yaşanmış günlərim düşər quzeyə.
Ömrün qalığını yığıb muzeyə,
Köhnəlmiş bir məni atıram hər gün .

Gözümdən qəlbimə arzular damar,
Yaralı qəlbimi arzular yamar.
Nə yaxşı gecəlik yuxularım var,
Yuxuda arzuma çatıram hər gün.

Səhərlər sevmədi məni deyəsən,
Gecələr başlayan “günümə”əhsən.
Yuxulu dünyanın sevimlisi – mən,
Ay kimi gündüzlər batıram hər gün.