Dərd edir zülfünün aşiqi, canan,
Bu düzüm, bu naxış hardandır belə?!
Nuruyla qəlbimin için yandıran
Bu gözlər, bu baxış hardandır belə?!
Nazik gülüşündən pəjmurdə düşmüş,
Həsrətin çəkməkdən canı üzülmüş.
Vüsal uzaqlarda, hicran yüz ilmiş,
Bu alış, bu veriş hardandır belə?!
Qəlb üzür dilinin kobud kəlməsi,
Sevinc bəxş eləmir hərdən gülməsi.
Gah gedib, gah dönüb geri gəlməsi,
Ağzını büzməsi hardandır belə?!
Sarma-dolaşıqdır eşqin yolları,
Həsrətdən qısadır ömrün qatarı.
Hicran əllərindən alanda yarı,
Qəlbinin dözməsi hardandır belə?!
Bəlkə, daşdır ürək, xəbərimiz yox,
Əhdimiz, sözümüz, hünərimiz yox?!
Eşqin sevinci az, dərdi-səri çox,
Çox düşən cəzamız hardandır belə?!
Allah, sən bilərsən hər şeyin düzün,
Uca nöqtəsisən özülümüzün.
Vüsala gəl deyən bu könülsüzün
Özgəni sevməsi vardandır belə?!