Gəlmişəm dəvətsiz, vaxtsız-vədəsiz,
Körpə tək doğulub var olmuşam mən.
Valideyn sevinci, bir övlad payı,
Həyat budağında bar olmuşam mən…
Qədəmim düşəndən yer kürəsinə,
Maraq göstərmişəm hər nöqtəsinə.
Dolanıb qohumlar əhatəsinə,
Yadlıqdan soyuyub xar olmuşam mən…
Məktəbdə yamanlıq, evdə qaranlıq,
Gənc idim, günlərlə yanmırdı işıq.
Görməyib əzəldən düzlük, yaxşılıq,
Həqiqət oxuyan tar olmuşam mən…
Oxumaq çətindi, bir də tənbəllik,
Kasıblıq utanclıq, uğur əngəllik.
Layiq olmayançün var tələbəlik,
Təhsili yarımçıq, kor olmuşam mən…
Şikayət etmirəm, adil sözümdən,
Narazı qalmışam özüm özümdən.
Kədərim oxunur solğun üzümdən,
Taleyin gözündə tor olmuşam mən…
Taledən danışdım, hansı taledən,
Hansı qismətimdən, hansı bəxtimdən?!
Güzəştə getdiyim təmiz eşqimdən,
Hansı yazı ilə yorulmuşam mən?!
Səmada qanadın açan qartalın,
Vüqarı dağlar tək uca qartalın.
Yurdoğlu şeirindən qoca qartalın,
İti baxışında yar olmuşam mən…
Qələmim yazanı yazmır həyatım,
Uduza-uduza hey addım atdım.
Nələri itirdim, nələri atdım,
Bircə əqidəmlə pir olmuşam mən…