Gəldim, ürəyimdə həyat izləri,
Gəldim, bu şeirimi səninçün yazım.
Gecəni keçirdim, açdım səhəri,
Dindi sinəm üstə sazım, Xaçmazım!…
Yetişdim sonuna qızıl payızın,
Yağış damlasıyla yuyulmuş tozun.
Bax mənə, gör məni, açılsın gözün,
Payızın içində yazım, Xaçmazım!…
Ömür nə karədir, mən nə karəyəm?
Elim, göylərində əsən küləyəm.
Bir yarın qəlbində şirin diləyəm,
Vardır söhbətimdə duzum, Xaçmazım!…
Küçələrin qəmli nəğməyə bənzər.
Könlüm tənhalıqla eləyir güzar.
Belə soyuq olma, donacaq Xəzər,
Həsrəti gözündə buzum, Xaçmazım!…
Elə gileyliyəm, elə gileyli,
Ətrafda çoxalıb xain, tüfeyli.
Məcnuna xəyanət etmədi Leyli,
Sevdamız puç çıxdı bizim, Xaçmazım!…
Hardadı eşqimin gənclik sədası,
Duyğumu coşduran sevgi nidası?
Bu qəlbin həvəsi, ruhun qidası.
Varmı, bu dövrdə gəzim, Xaçmazım?…
Arabir yağış da yaraşır sənə,
Leysanlar qəmini əridir, əlbət.
Mən necə əridim qəmimi, öyrət,
Kor olub bu qəmdən gözüm, Xaçmazım!…
Sən dayan yerində, cavan ol daim,
Köksümdə ən təmiz arzumla, elim.
Nə vaxtsa yenə də düşəcək yolum,
Gözlə, mən fikrini sezim, Xaçmazım!…
Övladın qoynundan qərib düşsə də,
Çiçəyi bağçandan dərib düşsə də,
Yaşının üstünə yaşlar gəlsə də,
Silinməz yolunda izim, Xaçmazım!…
Mənzərən yer tutub xatiratımda,
Ən geniş anlamda, geniş tutumda.
Səni unutmaram bu həyatımda,
Hələ alovludur közüm, Xaçmazım!…
Gəldim, görüm səni, eşidim səni,
Xoş dinib, xoş sözlə isidim səni.
Yurdoğlu yurdusan, yaşadım səni,
Adını qəlbimə cızım, Xaçmazım…
Gəlmişəm-gedirəm, getdim-gələrəm,
Bəlkə yaşayaram, bəlkə ölərəm…
Səni vəsf etməyi şərəf bilərəm,
Dəyməsin daşlara dizim, Xaçmazım!…