Şəkil çəkmək istəyirəm,
Gəl, şəklini çəkim, dünya!
Rəssam olmaq təbim gəlib,
Gəl, şəklini çəkim, dünya!
Ruhum gəzsin ahəng ilə,
Əlim oynasın rəng ilə,
Çirkin ilə, qəşəng ilə,
Gəl, şəklini çəkim, dünya!
Pəncərə sən, baxan mənəm,
Sularında axan mənəm.
Rəngi rəngə yaxan mənəm,
Gəl, şəklini çəkim, dünya!
Gözündəki nəmi çəkim,
Qəlbindəki qəmi çəkim.
Tufan çəkim, gəmi çəkim,
Gəl, şəklini çəkim, dünya!
Can əriyib, taxta qalıb,
Papağa bax, mıxda qalıb.
Gönə bax, dabbağda qalıb,
Gəl, şəklini çəkim, dünya!
Quzğun kimi leş alansan,
Yeki verib, şeş alansan,
Beş verib, on beş alansan,
Gəl, şəklini çəkim, dünya!
Dəhnən ilə, arxın ilə,
Tez-tez dönən çarxın ilə,
Sevgin ilə, qorxun ilə,
Gəl, şəklini çəkim, dünya!
İblis-mələk, hüri-qilman,
Yarı insan, yarı heyvan.
Gah kafərsən, gah müsəlman,
Gəl, şəklini çəkim, dünya!
Bircə bəndə sevirmisən,
Çox saraylar devirmisən.
Məni şəklə çevirmisən,
Gəl, şəklini çəkim, dünya!
Namərd, yoxsa, mərd göstərim,
Yumşaq, yoxsa, sərt göstərim?
Özün boyda dərd göstərim,
Gəl, şəklini çəkim, dünya!
Səninlə əkə bilmirəm,
Bir könül tikə bilmirəm.
Dərdini çəkə bilmirəm,
Gəl, şəklini çəkim, dünya!