rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

AŞİQ OLMUŞAM

Artıq qərarlıyam, bu gün deyəcəm,
Qoy hamı bilsin ki, mən vurulmuşam.
Öz alın yazıma boyun əyəcəm,
Görsünlər mən sənə, aşiq olmuşam.

Gül olub yolunun üstə bitəcəm,
Bülbültək eşqimə nəğmə ötəcəm.
Könlümdə nə varsa, açıb tökəcəm,
Görsünlər mən sənə, aşiq olmuşam.

Səninlə coşacaq ilhamım, təbim,
Eşqinlə vuracaq nəbizim, qəlbim.
“Hə” söylə, olginən yaşam səbəbim,
Görsünlər mən sənə, aşiq olmuşam.

O gizlin baxışlar, az söz demədi,
Bilirəm, sənin də, könlün mənədi.
Söylə öz sözünü,- meylin kimədi?
Görsünlər mən sənə, aşiq olmuşam.

Söylə aşiqəm mən, şair Dövrana,
Son qoyaq bu gündən həsrət, hicrana.
Yayılsın bu sevgi, yurdda hər yana,
Görsünlər mən sənə, aşiq olmuşam.

21.12.2015.

SƏNƏ GƏLDİM

“Könül dəftərim” – silsiləsindən

Sevdam üçün çox uğraşdım,
Neçə ulus, el dolaşdım.
Keçilməyən sədlər aşdım,
Gəldim gülüm, sənə gəldim.

Qönçə gültək, tər- təzəsən,
Qıymadım ki, qəlb üzəsən.
Heç rəvamı, tək gəzəsən?
Gəldim gülüm, sənə gəldim.

Həm arzumsan, həm muradım,
Hissim, duyğum, damaq dadım.
Qoy çəkilsin, sənlə adım,
Gəldim gülüm, sənə gəldim.

Vüsalın bal, şərbət mənə,
Adın, sanın, şöhrət mənə.
Sənsiz dünya, qürbət mənə,
Gəldim gülüm, sənə gəldim.

Allah verən qismət, payam,
Hər dəqiqə, anındayam.
Dövranınam, yanındayam,
Gəldim gülüm, sənə gəldim…