fh

İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür

İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür. Bəlkə də, bu xüsusiyyətə çox fikir vermirik, ancaq bu hər bir insanın çox diqqətlə çəkinməli olduğu və geniş yayılmış xəstəlikdir. Ona görə də bu dəfəki məqaləmdə bu xüsusiyyəti təhlil etməyə çalışacağam.

İlk öncə “təkəbbür” deyərkən ağlımıza nə gəlir? İnsanın sahib olduğu bəzi xüsusiyyətləri, məsələn, ağlını, gözəlliyini, sənətini, övladlarını, biliyini, vəzifəsini və s. özünə aid etməsi və bu şeylərə görə özünü digər insanlardan üstün görməsidir. Halbuki dünyada bizə verilən hər bir nemət, bütün gözəlliklər müvəqqətidir, onlar bir neçə illik Allahın bizə əmanətidir. Bütün gözəlliklərin tək və mütləq sahibi Allahdır, dünyada olan hər şey isə bir gün mütləq sona çatır. Ona görə insan özünə aid olmayan bir şeydən dolayı necə özünü digər insanlardan üstün görə bilər ki?! Düşünün ki, qonşunuzun gözəl bağı var, sizin olmayan bu bağa görə qürurlanırsınız ki, mənim nə gözəl bağım var. Odur ki, dünyada da gördüyümüz bütün gözəlliklər Allaha məxsusdur, biz Allahın gözəlliklərini üzərimizdə görüb şükür edə, Allaha təriflər deyə və Onun bizə bəxş etdiyi gözəllikləri Onun yolunda sərf edə bilərik. İnşaAllah, Allah əsil və əbədi gözəllikləri axirətdə bizə nəsib edər.

Bəs Allahın bəyənmədiyi təkəbbürün hansı mənfi yönləri var? Təkəbbür insanın bir çox gözəllikləri yaşamasına mane olur, bunların da başında sevgi gəlir. Təkəbbürlü insan, sözün əsil mənasında, sevə bilməz. Çünki özünü hər kəsdən üstün bildiyi üçün düşünür ki, yalnız o sevilməyə layiqdir, hər zaman ona təriflər deyilməli, o axtarıb-aranmalıdır. Halbuki təvazökarlıq sevginin, mərhəmətin, şəfqətin ən mühüm şərtlərindəndir. Təvazökar insanın qarşısındakı insana verdiyi dəyər dərhal hiss edilir, ona görə də belə əxlaq göstərən insanların yanında hər kəs rahat olur. Belə insan özünə verilən tövsiyələri diqqətlə dinləyir, heç bir məsələdə “ən yaxşı mən bilirəm”, – demir, qürurlanmadan ən gözəl qarşılığı verir. Doğrulara qarşı müqavimət göstərmir, ona edilən xətalara qarşı tolerant davranır. İnsanların problemlərinə həssas yanaşır və nəzakətli olur. Heç bir mövzuda qürurlanmadığı üçün “öncə o sevgi göstərsin, öncə o salam versin, öncə o mənimlə danışsın” kimi kibirli fikirlərə qapılmır. Qarşısındakı insan qatı və təkəbbürlü olsa belə, təvazökar davranır. Hər kəsin fikrinə əhəmiyyət verir, hər kəsin salamına ən gözəl cavab verir, hər kəsə qarşı sevgi və hörmət dolu olur. Bir sözlə, Quran əxlaqının gətirdiyi təvazökarlıq ən gözəl insan modeli yaradır, o insan ki hər zaman qarşısındakını şərəfləndirən, onlara qayğı göstərən və dəyər verəndir. Bu səbəblə təvazökar insanlar çox sevilirlər. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:

Ər-Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!”– deyərlər. (Furqan surəsi, 63)

Təvazökarlığın insanlarla münasibətdəki faydalarından danışdım. Təvazökarlıq insanın özü üçün də çox faydalıdır. Təkəbbürlənmək insanı sıxan və narahat edən xüsusiyyətdir, təvazökar olmaq isə insana rahatlıq və hüzur verir. Hər şeydən öncə, təkəbbürlənmək Allahın sevmədiyi xüsusiyyətdir, insan Allahın sevmədiyi xüsusiyyəti qəlbində yaşayaraq heç vaxt rahat həyat yaşaya bilməz. Odur ki, əxlaqımız üzərində yenidən düşünək, onsuz da bizə aid heç nə yoxdur, biz Allahın aciz qullarıyıq, ən adi qrip virusundan xəstələnən, ətdən, sümükdən ibarət insanlarıq. Bizə düşən Allahın verdiyi nemətlərə hər an şükür edib qısa həyatımızda bizə verilən nemətlərlə axirət həyatımız üçün hazırlanmaqdır.

Firuzə Həsənzadə