ehe

DAĞLARA

Duman zirvələri əsir götürüb,
Qonmağa yer tapmır quşum dağlara.
Gəl quzey qarında şəkil çəkdirək,
Bir az da qarışsın başım dağlara.

Qərib yuvasıdır bu koğuş da,ah!
Nə yolda iz qoyur,nə baxışda,ah.
Yolub qanadını çəkir quş da ah,
Zalımlar sıxanda qurşun dağlara.

Dumansız dağların belindən yapış,
Sənə arxa duran elindən yapış.
Mizrab vur,bu sazın telindən yapış,
Ən gözəl nəğməmi qoşum dağlara.

İŞIQ SALMIR Kİ BU ŞAM…

Qanadından tələyə düşən bir qərib quşam,
Ahımdan köz götürüb,işıq salmır ki bu şam.
Daha özgə göyündə uçmaqdan yorulmuşam,
Yol verin,ağuşuna dönüm Azərbaycanın.

Hələ arzuladığım ayrılıq yox,ölüm yox,
Çırpısız tüstülənən ocağımda külüm yox.
Bu qürbət məmləkətin baharında gülüm yox,
Sevib qarlı qışına dönüm Azərbaycanın.

Yalandan yaşamışam neçə arxda su ömrün,
Sən də qanıma tutub günahını yu ömrün.
Halallıq olsun deyə,son günündə bu ömrün,-
Torpağına,daşına dönüm Azərbaycanın.