Polad Sabirli

Eşq ağacım bar verir hər gün

Sənə yaxın gəldim yandırdın məni,
Uzaq dayandıqca donub buz oldum.
Güldürdün üstümə dostu, düşməni,
Niyə bəs səninçün çox ucuz oldum?

Sən idin əzəldən düşkünüm axı,
Bəs niyə sonradan düşdüm gözündən?
Baş-ayaq fırlanır fələyin çarxı,
İndi də küsmüsən özün-özündən.

Göyün yerə eşqi sirri üfiqin,
Bizimsə sirrimiz tək bizə bəlli.
O qədər süründüm, dalınca eşqin,
Qalxdım zirvəsində tapdım təsəlli.

Sən məni ayırdın xoş niyyətimdən,
Yamana xoş gəlir yamanlıq hissi.
Mən bu gün xoş halam öz qismətimdən,
Səni öldürəcək peşmanlıq hissi.

Öz sevgi qismətim başımın tacı,
Məni baş eyləyən məhəbbətim var.
Sən oldun əbədi,sevginin acı,
Mənimsə eşq adlı bol sərvətim var.

Bürünüb gecənin qaranlığına,
Aydinlığa çıxan yolum var mənim.
Göz dikib səhərin toranlığına,
Ucalığa dartan qolum var mənim.

Gedirəm bu yolu, su səpə-səpə,
Eşqin atəşinə bələnib bütün.
Sonsuz təşəkkürüm, Allahımadı,
Şükür, eşq ağacım bar verir hər gün.

16.12.2016.

Ölüm çıxım azadlığa

Mən sığmıram bu dünyaya,
Dünya dəmir qəfəs mənə.
Sığınmışam günə, aya
Heç nə vermir həvəs mənə.

Bulud olum nur çiləyim,
Yuyum yerin kirin, pasın.
Ağuşuna alıb Allah,
Məni göylərə aparsın.

İşıq saçım, günəş olum,
Şəfa tapsın qoy yer üzü.
El aləmi qucsun qolum,
Baxa-baxa eşqin gözü.

Alıb aparsın küləklər,
Yaxşı-yaman görsün məni.
Şehə dönüm gül çiçəklər,
Öz üstünə sərsin məni.

Duman olum yamanların,
Tuta bilim gözlərini.
Haqqın üstə cumanların,
Büküm, sıxım dizlərini.

İçim eşqin bulağından,
İlham alım ruhlanım mən.
Yarpaqların qulağından,
Sırğa olum sallanım mən.

Şimşək olum qamçı çəkim,
Yaltaqların kürəyinə.
Heç kimsənin kaş ki, heç kim,
Dəyməyəydi çörəyinə.

Hər işimi başa vurum,
Yarımçıq heç nə qalmasın.
Tam olmayan yazılarım,
Mənsiz qalıb saralmasın.

Haram kəslər halalları,
Məhkum edib kasadlığa.
Görməməkçün olanları,
Ölüm, çıxım azadlığa.

19.12.2016.