ŞƏKƏR BALAM
(Məmmədov Cavid Abdulla oğluna)
Mərhəmətli və Rəhimli ALLAHIN adı ilə.
Həzrət ƏLI(Ə) buyurmuşdur:
“Mən 3dəfə bu dünyanın təlaqını vermişəm.”
Dərdimə acıyan- özüm,
Dərdimin acıyam-özüm.
Kimiyə acıyam özüm,
Kimisinə şəkər-balam,
Şəkər balam.
Qəlbə daman-HAQQDAN damır,
Ocaqların damı damır.
Dəyişir ruzunun tamı,
Qarışdıqca şəker bala,
Şəkər balam
Dünya fani-yarı YALAN,
Yarı viran,yarı talan…
Halal şəxsə ALLAH həyan,
Haramı qan çəkər,balam,
Şəkər balam.
Bu dünyanın dərd yükünü,
Özü boyda sərt yükünü,
Ulusunun yurd yükünü,
Hərə bir cür çəkər,balam,
Şəkər balam.
Taleyin bu boz üzündə,
Qoru özünü özündə!
Söz verənlərin sözündə
Xemir çox su çəkər,balam,
Şəkər balam.
Gördüyün sənə qalandı-
HAQQI danan dil qalandı.
Dünya əfi bir ilandı,
Dişində var zəhər,balam,
Şəkər balam, şəkər balam!
Quba.18.12.1997.
GERÇƏK YUXU.
“DİDƏRGİN ŞƏRQİSİ, QAÇQIN HARAYI” SİLSİLƏSİNDƏN.
İstedadlı şair, əziz müəllimim Hafiz Rəhimə ithaf edirəm.
(şeir)
Gecə həmdəm olub qəhərə qədər,
Əlini çəkmir heç qəm boğazımdan.
Dərdi sirkələdim səhərə qədər,
Yapışıb zülmətin daş yaxasından.
Bu dərd əliyalın, ayağı yalın,
Əridir sevinci talan qəıbləri.
Boz üzlü dünyanın gönümü qalın?!
Sükutu dağlayır yanan qəlbləri.
Qapı cırıldayır, diksinir sükut,
Qurd-quşa yem olan doğma ocaqda.
Göydə doluxsunub sızlayır bulud,
Torpaq da çat verir kimsəsiz bağda.
Hörüb pərdəsini tordan hörümçək,
Ayla müzgüləyir, günlə isinir.
Payızda sevinci sovuran külək
Yazda dağ çayının selində dinir…
Yol çəkən gözlərin yaşartısından,
Solğun yanaqlara süzülür ürək.
Sübhün buludlanan işartısında
Küləyin səsindən üzülür ürək.
Qocaya cavana baxmır bir an da,
Vədəsiz qırışır alında həsrət.
Ümidin Vətənsiz öldüyü andan,
Bilsən- necə gönü qalındı həsrət?!
Didərgin başlarda ağarır dən-dən,
Vətənsiz özümü göynədən içim.
Bu gecə yuxumda ağladım, Vətən,
Dərdini ağladım, hey için- için.
Bu dərd Kəlbəcərdir, bu dərd Laçındır,
Bu dərd Qubadlıdır, Şuşadır… bu dərd.
Tanrı dərgahına əllərin açan
Didərgin dilində duadır bu dərd!
Bu dərd əliyalın, ayağı yalın,
Əridir sevinci talan qəıbləri.
Boz üzlü dünyanın gönümü qalın?!
Sükutu dağlayır yanan qəlbləri!
Azerbaycan. Quba.
08.06.2015