Dəyişib bir başqa olmaq istərdim,
Doğula bilsəydim ikinci kərə.
Zəhmətkeş qarışqa olmaq istərdim,
Dünyaya gəlsəydim ikinci kərə.
Tənbəl də deyiləm inanın mənə,
Özümdən həmişə narazıyam mən.
İç üzü açılıb insanın mənə,
Qarışqa olmağa tam razıyam mən.
Yayda soyuq qışa hazırlaşanda
Qarışqa belində çox yük görünür.
İnsan kiçiləndə, cılızlaşanda
Qarışqa insandan böyük görünür.