rm

GERÇƏK NAĞILIM

Sən mənim taleyim, alın yazımsan,
Sən mənim həsrətim, çoxum-azımsan.
Sən mənim qəlbimdə sözüm, sazımsan,
Sən sonu butməyən gerçək nağılım.

Bir payız günündə gələn yayımsan,
Ömrümə şərikim, günüm-ayımsan.
Tanrının verdiyi şirin payımsan,
Sən sonu bitməyən gerçək nağılım.

Damaqda dadımsan, ağızda dilim,
Ziyarət etdiyim ocağım, pirim.
Təsəllim səndədir, sənsən and yerim,
Sən sonu bitməyən gerçək nağılım.

Xəyallar acığın töküb üstümə,
Sevgin ətir təki, çöküb üstümə.
Səninlə məhəbbət çəkib üstümə,
Sən sonu bitməyən gerçək nağılım.

Ağarmış saçımda dənə dönmüsən,
Gerçəkdə, xəyalda mənə dönmüsən.
İbadət etdiyim dinə dönmüsən,
Sən sonu bitməyən gerçək nağılım.

26.09.2015

GÖRÜŞMƏYƏNDƏ

Göylərin üzünə qaranlıq çökər,
Məhəbbət ağlayar, dizlərin bükər.
Ay, gözəl simaya qara don tikər,
Mən sənlə bircə gün görüşməyəndə.

Özüm öz üzümə baxıb gedirəm,
Könlümü yandırıb, yaxıb gedirəm.
Elə bil dünyadan axıb gedirəm,
Mən sənlə bircə gün görüşməyəndə

Darıxmaq qəlbimdən kam alar, gülüm,
İntizar gözümdə nəm qalar, gülüm.
Həsrətim saçların hey yolar, gülüm,
Mən sənlə bircə gün görüşməyəndə.

Bağlanır yollarım, qalıram düzdə,
Təsəlli olmayır heca da, söz də.
Nəyim var düzülür cümlədə, sözdə,
Mən sənlə bircə gün görüşməyəndə.

25.09.2015

AY ADAM

Həyatın acısı, şirini olur,
Dəyəri boşalır, dərdləri dolur.
Baxırsan durmadan saçını yolur,
Deyirsən bir az da dözüm, ay adam?

Nə qədər cəfakeş olarmış insan,
Süzülüb badəyə dolarmış insan.
Qürurdan saralıb, solarmış insan,
Soylə bir, varmıdır sözün, ay adam?

Haqqın dərgahına sığınan bəndə,
Gözlərin açanda sığışmır bəndə.
Əlində xəncəri çığırmış bəndə,
De buna bir çarə, çözüm, ay adam.

Birinin qisməti, birində yoxmuş,
Ahılı azalmış, cahili çoxmuş.
Baxırsan verdiyi salam da oxmuş,
Çəkərsən bunların nazın, ay adam?

23.09.2015

GEC GƏLDİN

Sən mənim ömrümə gec gələn payım,
Gündüzlər günəşim, gecələr ayım.
Yayımda qışımsan, qışımda yayım,
Nə yaman gec gəldin, ömrümə mənim.

Sən gələndən sevinc gəzir üzümdə,
Sığal görür tellərim də, üzüm də.
Şirinləşib meyvələr də, üzüm də,
Nə yaman gec gəldin, ömrümə mənim.

Sən olalı qayalarım qar görüb,
Ağaclarım çiçək görüb, bar görüb.
Gülüm sənlə, kasıb qəlbim var görüb,
Nə yaman gec gəldin, ömrümə mənim.

Ahıl yaşda həyatıma xoş gəldin,
Qara tellim, gözlərimdə yaş gəldin.
Sönük sima, kiprik gəldin, qaş gəldin,
Nə yaman gec gəldin, ömrümə mənim.

22.09.2015