İmiş
Dərdləndim ki, şeir yazam,
Dərd insana ziyan imiş.
Yıxıb ömür sarayını,
Axır viran qoyan imiş.
İnsan undur, dünya ələk,
Onda gördüm min bir kələk,
Dost dediyim qoca fələk,
Demə, adam soyan imiş.
Doğru çıxmır etibara,
Dostluq hara, sitəm hara,
Dönür zəhərli şahmara,
Bir amansız çayan imiş.
Şəmşir yazdın təsirli söz,
Kəlmə lətif, mənası düz,
Bu dünyadan doymayan göz,
Az ömürdən doyan imiş.
Birdi
Dava günü mərd iyidə
Bərk də birdi, boş da birdi.
Günün yaxşı keçən zaman
Yay da birdi, qış da birdi.
Hər mətləbi tez qanana,
Mənasını düz qanana,
İşarədən söz qanana,
Göz də birdi, qaş da birdi.
Düçar olsan pis üzlərə,
Sən də bəd ol bəd gözlərə,
Hesabını bilməzlərə
Üç də birdi, beş də birdi.
Dost adını anmayana,
El halına yanmayana,
Bal ləzzətin qanmayana,
Şor da birdi, aş da birdi.
Çox demə, mətləb uzana,
Rəhmət nəsihət yazana.
Nabələdə, yol azana
Dağ da birdi, daş da birdi.
Şəmşir, sənin toxdu gözün,
Onun üçün gülər üzün,
Sadə danış, keçsin sözün,
Zor da birdi, xoş da birdi.