Şairə-publisist Nəcibə İLKİN.”UŞAQ PULU TƏNBƏLLİK YOX, SOSİAL ƏDALƏTDİR”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Kasıbın ağrısını anlamadan, danışmaq asandır…
Neçə gündür sosial şəbəkələrdə deputat Günay Ağamalı və tanınmış teleaparıcı Mir Şahinin onu dəstəkləməsi insanların haqlı narazılığına səbəb olub. Bu da tam başadüşüləndir. Çünki söhbət sadəcə “uşaq pulu”ndan yox, ölkədə ailələrin sosial yükündən, valideynlərin dolanışıq savaşından və dövlətin vətəndaşa münasibətindən gedir. “Uşaq pulu verilsə insanlarda tənbəllik yaranar” fikri cəmiyyətin böyük hissəsinə həm sərt, həm də reallıqdan uzaq görünür. Üstəlik bu fikrin ictimai nüfuzu olan insanlar tərəfindən müdafiə olunması narazılığı daha da artırdı.
Əvvəla, uşaq pulu sosial yardım deyil, sosial dəstək mexanizmidir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşağa görə dövlət dəstəyi var. Heç kim demir ki, Almaniyada, Norveçdə, Türkiyədə və ya başqa ölkələrdə insanlar uşaq puluna görə işləməyi dayandırıb. Əksinə, dövlət anlayır ki, uşaq böyütmək təkcə ailənin yox, gələcəyin yükünü daşımaqdır. Bu gün doğulan uşaq sabah həmin ölkənin müəllimi, həkimi, əsgəri, mühəndisi olacaq.
Azərbaycanda isə reallıq tamam başqadır. Bir çox ailə kirayə, kredit, məktəb xərcləri, dərman və gündəlik yaşayış arasında əzilir. Bazarda qiymətlər hər gün artır, amma insanların qazancı eyni sürətlə artmır. Belə vəziyyətdə “uşaq pulu insanı tənbəlləşdirər” demək kasıb ailələrin yaşadığı çətinliyi görməmək kimi qəbul olunur. Çünki aylıq veriləcək müəyyən məbləğ heç bir ailəni “varlı” etmir. Sadəcə uşağın südünə, geyiminə, məktəb ehtiyacına bir az nəfəs olur.
Xalqın dərdini dinləyin, yoxsulluğu günahlandırmayın!!!
Burada başqa bir məqam da var. İnsanları tənbəlləşdirən yardım yox, ümidsizlikdir. Əgər bir insan işləyib dolana bilmirsə, illərlə zəhmət çəkib yenə də kasıb qalırsa, əsas problem budur. Uşaq pulu alan valideynin böyük əksəriyyəti yenə işləyəcək, yenə həyat mübarizəsi aparacaq. Çünki heç kim cüzi sosial yardımla rahat həyat qura bilməz.
Bir uşağın südünü tənbəllik saymayın!
“Xalq nə yardım dilənir, nə də tənbəldir — Sadəcə yaşamaq İstəyir!”
Mir Şahinin bu fikri dəstəkləməsi insanlarda daha çox məyusluq yaratdı. Çünki ictimaiyyət media adamlarından bir az daha həssas, xalqın sosial ağrılarını anlayan münasibət gözləyir. İnsanlar hesab edir ki, cəmiyyətin ən ağır iqtisadi yükünü çəkən təbəqəyə yuxarıdan baxmaq yox, onları anlamaq lazımdır.
UNUTMAYIN!
Uşaq böyütmək cinayət deyil!
Kasbın ağrısını anlamadan danışmaq asandır…
Əslində bu müzakirə bir həqiqəti ortaya çıxardı: cəmiyyət artıq sosial ədalət mövzusunda çox həssasdır. İnsanlar lüks həyatlar fonunda öz çətinliklərinin kiçildilməsini qəbul etmirlər. Onlar anlayış, real həll və dəstək gözləyirlər — ittiham yox.
Bir uşağın ehtiyacını qarşılamağa çalışan valideyni “tənbəl” kimi göstərmək yox, onun yükünü azaltmaq daha vicdanlı və daha dövlətçi yanaşması olardı..
Bir ölkənin gələcəyi uşaqlardan başlayır!
Sosial dəstəyə tənbəllik demək vicdansızlıqdır!!!!

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir