1545553_10203040697648544_1046483349_n

– Baba, ay baba niyə Göy qurşağı bu qədər rəngarəng və bu qədər uzaqdı bizdən?
– Bilmirsənmi, ay bala?!- sən ki, bu qədər məktəb oxudun, diplomların var
– Yox, yox ay baba kitablar doğrunu demir, məncə. Kitablar aldadır bizi, məsələn Tahir və Zöhrə yaşayıb deyir kitablar, ancaq həyatda nə Tahirlər yaşayır, nə Zöhrələr. Nə olar ay baba mənə Göy qurşağının nağlını danış, kitabları unutmaq, həqiqəti danmaq, yalnız sənin nağıllarında yaşamaq istəyirəm
– Dinlə o zaman, ay oğul sənə Göy qurşağının, sevginin hekayəsini danışacam.
Bir zamanlar igid bir oğlan yaşayırmış, bir də bu oğlana sevdalı yeddi gözəl qız. Qızlar onu çox sevsə də o kimsəcikləri sevməz, kimsəyə ümid verməzmiş, ancaq yenə də bu gözəl qızlar onu sevməkdən əl çəkmir, ona rəngarəng xalçalar hörür, sevdalarını bu cür dilə gətirirmişlər. Bir gün oğlan savaşların birində ölür, qanlı cəsədi gəlir yaşadığı yerə. Qızlar bu dərdə dözə bilməyib dağlara doğru qaçmağa başlayırlar, o qədər qaçırlar ki, artıq dünya bitir, göy üzü başlayır. Dünyada gözəl xalçalar toxuyan bu qızlar özləri xalça kimi göy üzündə qalırlar. Oğul onlar hər zaman oradadırlar, sadəcə biz onları görə bilmirik. Dünya çox çirklənir, yalnız yağmurlardan sonra kirlər yuyulur və biz onları görə bilirik.
– Bəs mən də qaçsam, dağlara doğru, görəsən çata bilərəmmi göy üzünə?
– Yox, ay oğul . Sən çata bilməzsən, çünki sən yerin kürə formasında olduğunu bilirsən. Bilirsən ki, qaçsan uzaq başı hansısa ölkənin sərhəddini keçəcək və öldürüləcəksən. Onlar isə bilmədən sərhədləri, kitabları qaçdılar, qaçdılar və göy üzünə ulaşdılar.
– Çox acı danışırsan ay baba, canım yanır hər sözündən, hər söhbətindən.
– Canını acıdan mən deyiləm, ay oğul yaşadıqların, daha doğrusu yaşaya bilmədiklərindir.
– Baba, insanlar niyə bu qədər vəfasız olub, insanlar niyə sevməyi, gülməyi unudub?!
– O dağları görürsənmi?
– Bəli
– Bəs, o dağların üzərindəki buludları?
– Bəli, görürəm ay baba
– Bəs, o aradakı boşluğu görə bildinmi?
– Nə yalan deyim, heç ağlıma belə gəlmədi oradakı boşluq
– Görürsənmi, ay oğul. Sən ora baxanda yalnız dağların zirvəsi ilə buludları gördün, görmək istədin. Buradan sənə elə gəldi ki, onlar bitişikdi, ancaq onların arasındakı məsafənin nə qədər olduğunu sən də çox gözəl bilirsən. Bax həyat da belədir. Düşün ki, zirvələr beşiyin, göy üzü isə məzarındır. Ancaq burada bir şey var ki, həqiqəti görmək üçün yaxınlaşmaq yox, uzaqlaşmaq gərəkdir. Uzaqlaşdıqca anlayacaqsan ki, əslində beşikdən məzara olan yol o qədər də uzun deyil, ancaq insanlar bunu bacara bilmir, özlərindən dünyadan ayrı qalmağı bacarmırlar. Onun üçün də sevməyi, gülməyi hər zaman sabahlara ərtələyirlər, sabahlar isə çox zaman gəlmir
– Bir şey də mən deyimmi, ay baba?
– De, sənə qurban olum
– Bu qədər yaşamısan, ancaq sözlərin, fəlsəfənin acıları dindirə bilməyəcəyini öyrənə bilməmisən, bilsəydin bu cür danışmazdın
– Bala, axı sən dedin Göy qurşağının nağlını danışıb
– Sən Sadəcə göy qurşağının nağlını deyil, ölümünü də dedin ay baba, sən də kitablarda fərqsizsən
– ………..
– Daha yaşaya bilmirəm mən, mənə gor qaz ay baba
– Axı, ay oğul o goru sən mənim üçün qazmalısan
– Yox, ay baba sən goru qaz mənim üçün, göy üzünə gedən yol torpağın altından keçir, mən də buna inanıram, sən demədinmi, inansaq başara bilərik. Mən Göy qurşağına getmək istəyirəm, göz yaşlarımı buludlarla siləcəm. Mən gedən bütün sevgililərin saçlarına yağmur olub yağacam
– Oğul, sənin gorunu daha mən qaza bilmərəm, sən Göy qurşağına çoxdan çatmısan