Xalq şairi Fikrət Qoca on cilddən artıq möhtəşəm poetik yaradıcılığı (və son dərəcə həyatsevər şəxsiyyəti) ilə bağlı olduğu bu dünyaya “əlvida” deyib haqq dünyasına qovuşdu. Onun üçün şeir yazmaq düşünmək, insanlarla həmsöhbət olmaq, həsb-hal etmək, bugünlə yanaşı, həm də keçmişlə, gələcəklə ünsiyyətə girmək, birsözlə, yaşamaq demək idi. Elə ona görə də əlinə qələm alandan ömrünün son günlərinə qədər heç bir fasilə vermədən, tərəddüd etmədən yaza-yaza yaşadı. Və yaşaya-yaşaya yazdı!..
Fikrət Qoca üçün illər uzunu inanmış olduğu həqiqətlər vardı ki, onların böyüyü və ya kiçiyi, əhəmiyyətlisi və ya əhəmiyyətsizi yox idi. Və inandığı bu həqiqətlər uğrunda döyüşə həmişə o dərəcədə hazır idi ki, onu mütəfəkkir olaraq heç bir tərəddüdsüz “metafizik” adlandırmaq olardı.
Nə qədər qüdrətli şair olsa da, xəyalları hər nə qədər göylərdə gəzsə də, şairlik onun dünyagörüşündəki (və şəxsiyyətindəki) gerçəklik, reallıq, hadisələri necə varsa o cür dəyərləndirmək qabiliyyətini zərrəcə zədələməmişdi. Cəsarətlə demək olar ki, Azərbaycan cəmiyyətinin (və ədəbiyyatının!) müstəqillik uğrunda mübarizəsi tarixində bizim bir sıra görkəmli söz adamları ilə yanaşı, Fikrət Qocanın da heç zaman pozulmayacaq imzası vardır. Və o, hər zaman ümummilli lider Heydər Əliyevin sədaqətli intellektual əsgərlərindən biri olmuşdu.
Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizədə də Fikrət Qoca son dərəcə vətənpərvər bir şair olaraq ideya-mənəvi döyüşlərin ön sıralarında idi.
Fikrət Qoca poeziyaya, ədəbiyyata, milli ədəbi-ictimai fikrə novator kimi gəldi, şairlik istedadı ilə birlikdə novatorluq (gənclik!) missiyasını da bütün ömrü boyu qoruyub saxladı.