Laçından Şamaxıya çatan səsin sahibi
Qələbə sorağın daim zirvələrdən gəlsin, qazi komandir!
Səsin hayı-harayı deyirlər ki, min illər gedir. Klassiklərimizin əsrlərin o tayından gələn səs-sədası da bu mənada unudulmazdır, yaddaqalandır. Musiqili səsə sərhəd olmaz. Bunu da dili nəğməli nəğməkarlarımız deyiblər. Çünki zaman-zaman sınaqdan çıxıb.
Lakin, unutmayaq ki, səs-soraqlılarımızın heç də hamısı dili nəğməli deyil. Elələri də olub ki, Koroğlu, Qaçaq Nəbi, Sultan bəy kimi, səsinin zərbindən və zəhmindən düşmənin bağrı yarılıb.
Bəli, məhz belə ərənlərimizin səsi 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbə oldu! Şuşa və Laçın dağlarında belə səsli-soraqlı igidlərimizin qartal baxışları da erməniləri çaş-baş qoydu. Ona görə silah-sursatını, boş qalan papağını atıb qaçmağa məcbur idi.
Şəhidlik, qazilik isə müqədəs borcdur. Düşmənlə üz-üzə gələn oğullarımız candan keçərək şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazanıblar. Yaralansa da, düşmənə aman verməyib onu layiq olduğu səviyyədə zərərsizləşdirən yaralı əsgərlərimiz isə qaziyə çevrilirlər, canlarında düşmənin vurduğu yaraları saxlamqla.
27 sentyabr 2020-ci il tarixindən sonra xalqımızın vətənpərvər oğulları da şəhidlik və qazilik zirvəsi uğrunda mübarizə apardılar. Onlar düşmən üzərinə yalnız sıradan bir vətən övladı kimi yox, dağların zirvəsində qanad çalan qartal kimi şığadılar!
Şəhidlik zirvəsinə aparan yolda qazilik də qaçılmaz olur. Yaralansa da, döyüşdən qalmayan belə oğullardan biri də 1995-ci ildə qədim Şamaxı yurdunda dünyaya göz açan, Şuşa və Laçınadək döyüş yolu keçən, bu gün də səs-sorağı dağlardan gələn Xəlilov Elmir Məmməd oğludur.
Qobustan rayonunun O.Badayoğlu adına Bədəlli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Samirə Xəlilova deyir ki, qardaşı Elmir uşaqlıqdan hərb sənətini sevərək seçib. O, Şamaxıdakı M.Hadi adına 9 saylı orta məktəbdə oxuyub. Daha sonra Şamaxı şəhər texniki hümanitar və təbiət fənləri təmayüllü internat tipli liseyi bitirib: “ Liseyi başa vurduqdan sonra qardaşım 2012-ci ildə Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. 2016-cı ildə akademiyanı bitirməklə artillerist ixtisasına yiyələnib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Elmirin də döyüş yolu uzun olub. O, Talışkənd, Suqovuşan, Ağdərə, Qubadlı istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib…”
Elmir Xəlilovun hərb sənətini seçməsi heç də təsadüfi olmayıb. Atası Məmməd 1993-cü ildə Birinci Qarabağ Savaşlarında iştirak edib: “O zaman mən altıaylıq körpə olmuşam. Ermənilərin qəddarlığının şahidi olan atam tək qardaşımın da hərb sənətini seçməsini istəyib. Ona görə də onun arzusuna qarşı çıxmadı. O, ali hərbi məktəbi bitirib qulluğa başlayandan ön cəbhədə, düşmənlə üz-üzə olub. Ermənilərin çirkin niyyətlərinin baş tutmayacağını bizə dönə-dönə deyib. Hərb sənətini yaxşı mənimsədiyi üçün orada gördüklərini, bildiklərini bizə deməyib. Hətta, ötən il noyabrın 6-da yaralandığını da ailəmizdən bir müddət gizləyib. Bir qədər yüngülləşdikdən sonra xəbərimiz olmuşdu. Şükür, sağalaraq yenidən öz hərbi xidmətini Laçın dağlarında davam etdirir…”
Baş leytenant Elmir Xəlilov Vətənə, xalqa, dövlətə xidməti həm peşə, həm də özünün vətənpərvərlik borcu hesab edir. Ona görə də o, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarlari ilə “Laçının azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Anası Zümrüd, atası Məmməd, anasının adını daşıyan bir yaşlı qız balası Zümrüd, ömür-gün yoldaşı Günay xanım, bacıları – Samirə tələbə Ramilə bundan sonra da komandir, baş leytenant Elmir Xəlilovdan Vətənə layiqli xidmət göstərəcəyinə əminliklə hər gün xoş soraq gözləyirlər. Səsin daim zirvələrdən gəlsin, qazi komandir!
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”