gunelxanim-225x300

Yenə qızlar arasına pıç-pıç düşdü.”Dəli gəldi”- deyə Sənanı göstərib öz aralarında qeybət etməyə başladılar. Universitetdə çoxları onu sevmirdi. Hətta fakültə dekanı da tez-tez onu səbəbsiz yerə acılayırdı. Bəlkə də bu onun azərbaycanlı olmasından irəli gəlirdi. Ukraynada qohumlarının evində qalırdı. Heç kimlə ünsiyyət saxlamırdı. Rus və ingilis dillərini mükəmməl bilirdi. Gözəl rəsmlər çəkirdi. Arada tələbələrin əl işlərinin sərgisi olanda onun da rəsmləri nümayiş olunurdu. Rəsmlərində qəddarlıqla qətlə yetirilmiş uşaq şəkilləri geniş yer tuturdu. Sənanın böyük peşəkarlıqla insan ölümünü belə təsvir etməsi tələbələrin ürəyində qorxu yaradırdı. Axırıncı dəfə dekan onu tənqid etmiş, başqa mövzularda rəsm çəkməyi tövsiyyə etmişdi.
Ertəsi gün rəsm sərgisi olacaqdı. Sərgi üçün yarımçıq qalmış iki əsərini tamamlamalı idi. O, həm də sərgidə çıxış etməli idi. Dərslər qurtardıqdan sonra tələbələr şəhəri gəzməyə getsələr də, o tez evə qayıtdı. Günorta yeməyini yedikdən sonra öz otağına çəkildi. Rəsm fırçasını əlinə aldı. Özünü o sehrli aləmin ağuşuna atdı. Saniyələrin, dəqiqələrin necə keçdiyini bilmədi. Əvvəlcə barmaqları vəhşicəsinə çıxarılmış körpə qızcığacın vahimə dolu sifətini, əzablarını, yaşamaq üçün yazıq-yazıq baxıb imdad istəyən gözlərini çəkdi. Əsərin birini yekunlaşdırıb yarımçıq qalmış o birisinə keçdi. Gecə yarısına kimi yorulmadan işlədi. Qışın soyuğunda yarıya kimi soyundurulmuş və qarnına kimi papiros kötükləriylə damğalanmış 5 yaşlı qızın iztirablarını əks elədi. Fırçası kimi özünün də gözlərindən damla-damla yaş axdı. Nəhayət sərgidə göstərmək istədiyi 2 əsəri yaratdı və bir gecənin içində tamamladı. Otağından çıxanda yorğunluğdan başı gicəlləndi. Gecə yenə də anası onun yuxusuna girdi. Ağlayırdı. Al –qanların içində kömək istəyirdi. Sənan qan-tər içində yuxudan oyanıb divar saatına nəzər saldı. Saat altı idi. Sənan gördüyü yuxunun təsirindən ayrıla bilmirdi. Bir anlıq o gecəni xatırladı. Həyatını alt-üst edib, onu tənhalığa məhkum edən qətlyamı unuda bilmirdi. Hər şey gözlərinin qarşısında baş vermişdi. Sənan özünü ələ alıb yerindən qalxdı. Səhər yeməyini yedikdən sonra əl işlərini götürüb sərgiyə getdi və nümayiş üçün təqdim etdi. Bir müddət keçdikdən sonra jurnalistlər və əcnəbi vətəndaşlar da buraya axın etməyə başladılar. Sərgidə ilk olaraq universitetin dekanı çıxış etdi və o tələbələrin nəaliyyətlərindən söz açdı. Sərgidə ən çox bəyənilən əsər Sənanınkı olmuşdu. Çoxları əsərin müəllifinin kim olduğunu öyrənməyə çalışırdı. İnsan ölümünü əks etdirən azərbaycanlı tələbənin əsərləri onlarda böyük təəccüb yaradırdı. Sənan çıxış etmək istəmirdi. Amma arxada dayanan erməni tələbənin “azərbaycanlılar öldürməyi çox sevirlər, ona görə də əsərlərində də yaxşı tərənnüm edirlər”- deməsi onu qəzəbləndirdi. O, özünü ələ almağa çalışdı. Qonaqları salamladıqdan sonra neçə yaşından rəsm çəkməsindən danışdı. Və nəhayət əsas məqsədinə gəlib çatdı və rus dilində təkcə özünün deyil, böyük bir millətin sözünü başqa xalqların nümayəndələrinə çatdırdı.”Mənim rəsmlərim hansısa rəssamın beyninin aylarca düşünüb fırçalarla ağ kağızlara köçürdüyü fantaziyası deyil, öz gözləriylə vəhşiliklər görən, qan tökməkdən gözləri doymayan ermənilərin 5 yaşlı körpə bacısının dırnağlarının çıxarılmasının, anasının süngüləndiynin şahidi olan bir insanın üsyan dolu həyat hekayəsidir. Mən Xocalı varisi, həm də Xocalı şahidiyəm. Fəxr edirəm ki, burada erməni cəlladlarının xalqımın başına gətirdiyi soyqırım gününü bütün insanlara çatdırıram. Bu bizim haqq səsimizdir. Əminəm ki, düşməndən qisasımızı alacağıq. Torpağlarımızı geri qaytaracağıq. Vətəndən pay olmaz”. Sənanın çıxışı alqışlarla qarşılandı. Onun çiyinlərindən ağır yük götürülmüşdü. Xalqının haqq səsini əcnəbi insanlara çatdırdığı üçün çox sevinirdi.

23.09.2015