AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Sevim Allah
İmtahandır… dərdləri,
Sərləri sən yaratdın.
Minləri sən yaratdın,
Birləri sən yaratdın.
Sınaqlı ocaqları,
Pirləri sən yaratdın.
Bizlər üçün göyləri,
Yerləri sən yaratdın.
Yaratdığın yerini,
Göyünü sevim Allah!
Bəndələrin yolunu,
Azır gedir, dərs olmur.
Qardaş, qardaşa quyu,
Qazır gedir, dərs olmur…
Sol mələk dayanmadan,
Yazır gedir, dərs olmur.
Cəhənnəmə birbaşa,
Hazır gedir, dərs olmur…
De hansı nökərini,
Bəyini sevim Allah?!
Hətta ibadət əhlin,
Fənadan əl götürmür.
Dost qanına susayır,
Xınadan əl götürmür.
Fitrə, zəkat paylayır,
Zinadan əl götürmür,
İndi yox, taa əzəldən
Binadan əl götürmür,
Dilimizə bəndlənən,
Düyünü sevim Allah?!
Ürəyimin yükünü,
Boşaltmırsa bu dünya!
Gözümüzü sevincdən,
Yaşartmırsa bu dünya!
Dərd selinin önünə,
Daş atmırsa bu dünya!
Sənin hökmünlə məni,
Yaşatmırsa bu dünya,
Axı belə dünyanın,
Nəyini sevim Allah?!
21.03.2017
DEDİLƏR
Allah, sənə sığındım,
Quru lafdır dedilər.
Qaçdım, yenə sığındım,
Necə safdır dedilər.
Olmadım zərrə məyus,
Qalmadım nəfsə məhbus.
Adıma “qara kabus”,
Nainsafdır dedilər.
Bir-birinin bəhsinə,
Susdular haqq səsinə.
Şeytan vəsvəsəsinə,
İnkişafdır dedilər.
Demədilər öndəyəm,
Sən olmuşam, səndəyəm…
Dedim, “nankor bəndə”yəm,
Etirafdır dedilər.
24.02.2016
ÜRƏYİMİN SAHİBİ VAR DEDİLƏR
Başım üstə hər çalarlı buludlar,
Sinəm üstə dağlarım var silsilə.
Gözlərimdə donub qalan kadrlar,
Baxışlarda sükunətli fasilə…
Mənbəyi var ürəyimin yağından,
Yanağımda ümman yatır, səs etmə…
Dişlərimi saxlamışam keşikdə,
Dil altında vulkan yatır, səs etmə…
Qollarımda zaman adlı zəncirlər,
Qulağımda öyüd adlı sırğalar…
Damarımda “tarix” adlı sistemlər,
İliyimdə “bu gün” adlı baltalar…
Qədəmlərim gələcəyin tablosu,
Ayaqlarım bu tablonun fırçası
Dizlərimdə büdrəməyin qorxusu,
Dabanımda hər günün bir parçası..
Belə, sənə izah etdim, mən kiməm?!
Bu izahın niyəsi var, qadası…
Ürəyimi qeyd etmədim, səbəb, bu,
Sahibi var, yiyəsi var, qadası!
13.08.2015