“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Qurduğun xəyallarından
Geriyə dönmək qədər
Çətin yol yoxdu bu dünyada.
Gözlərindən yıxılan göz yaşlarını
Yanağın da qaldıra bilmir.
Baxışların buz kəsilir.
Başını qaldırıb göyə baxırsan,
Göy üzündə sənin çarəsizliyinə
Qurbanlıq qoyun kimi bir ulduz kəsilir.
Qaralır dünyan, qaralır,
Həyatın göz qapaqlarının
Arası qədər daralır…
Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi?
İçindəki təkliyi heç kim görmür…
Kimsə olmalı…
Kimsə gəlməli
Gecənin bu vədəsində.
Yekə adam,
Ölkə adam,
Vətən adam,
Həmdəm adam.
Taleyin hədəsidi
Əl-qolumu bağlayan
Yoxsa özüm gələrdim.
Bircə qırıq ümid olsa,
Olsa, dözüm gələrdim.
Adını çəkib dururam,
Ah kimi, ahım yuxarı.
İlahi, özün düşürsən,
Yoxsa mən çıxım yuxarı?