GÖYƏZƏN DAĞI – 1971
Baharda çiçəklə, qışda qar ilə
Təbiət bu dağa gey, bəzən deyib.
Zirvəsi oynayır buludlar ilə,
Onunçün babalar göy əzən deyib.
Düşmənin gözündə qalıb muradı,
Səfləri hər zaman dağılıb burda.
Bir qaya parçası bəlkə Qıratın,
Nalından sıçrayıb dağ olub burda.
XXI əsrin limanı
(İxtisarla)
Ömrüm boyu uymadım
Qırmızı bayraqlı qırmızıların
yalançı hayına, küyünə,
Tapındım göydə ALLAHA,
yerdə Türkün böyüklüyünə.
Unut məni
Bu qala öz əllərinlə
Uçuldu, qurulmaz oldu.
Bu çeşmə elə bulandı
Bir daha durulmaz oldu.
Unut məni , unut, gülüm.
Bahar gözündə qəm gördüm,
Bir dərdimi yüz elədin.
Gen gəzdim, qəlbin ağrıdı,
Yaxın gəldim söz elədin
Unut məni , unut, gülüm.
Bir ilahi duyğu kimi
Qəlbinə dola bilmədim
Eşqim sənin idi, ancaq
Mən sənin ola bilmədim.
Unut məni , unut, gülüm.
DOSTLAR
Vəzifəyə keçən köhnə dostları
Nədənsə son vaxtlar itirirəm mən.
Görməyib əzəlki səmimiyyəti
Köksümü dərindən ötürürəm mən.
İllər ötüşsə də, hələ bu sirrin
Nə üzü bəllidir, nə də astarı.
Bilmirəm özümü qınayım, yoxsa
Vəzifəyə keçən köhnə dostları.