* * *
Mən kənddə doğuldum, sən də şəhərdə,
Sən beşikdə yatdın, mənsə yəhərdə.
Yatdım boz otlaqda boz dovşan kimi…
Gözümüz dünyaya açılan kimi
Mən çomaq götürdüm, sən kağız, qələm,
Çomaq bir aləmdir, qələm bir aləm…
* * *
Bənövşəm! Sənin də kəsildi ahın,
Tikanlar diz çöküb sənə əyildi.
Yetdi fəryadına əli sabahın;
Günəş gözlərinin nəmini sildi.
Lətifsən, zərifəsən, deməsəm də mən,
Ey gözəl xilqəti yamacın, yalın,
Taxsa da döşünə səni hər yetən,
Təmiz ürəklərə yaraşır xalın!
* * *
Oylağımda boran qopdu bir zaman,
Dağ başını qar almağa başladı.
Qanadından yaralandı laçınım,
Turacımı sar almağa başladı.
Qapımızı döydü qara bir külək,
Bağçamızda nə gül qoydu, nə çiçək;
Payız fəsli şaxta vurmuş xəzəltək
İrzi-rəngim saralmağa başladı.
Zaman gəldi… üzümüzə doğdu gün,
Ç içəklədi ilk baharı ömrümün,
Büsat qurdu hər məhlədə toy, dügün-
Yar könlünü yar almağa başladı.
Qocalığı heç qaxmayın başıma,
Yeni çatır ömrüm əlli yaşına,
Ağ gün çəkdi sağ əlini başıma,
Ağ saçlarım qaralmağa başladı.