Yol verin, çəkilin

Yol verin, çəkilin,
pəncərənin şüşəsiylə
bir yağış damlası axır,
axır təmənnasız.

Nə Allaha,
nə dünyaya,
nə insana,
tutub üzünü !
Axır, pəncərə şüşəsində
neçə ayın tozunu yuya-yuya.
Aşağı, yalnız aşağı…

Yelkənə külək

Yelkənə külək,
qadına sevilmək
lazımdır həmişə.

Allaha inanmaq
və yoxluğunu bilmək gərəkdir.
İnqilaba
inqilab gərəkdir, gülüm,
azadlıq yox…