Şairə-publisist Nəcibə İLKİN.”Niyə sevəmmədik bir-birimizi”

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Ömrümə-günümə bir baxışıydın,
Mən külək, sən isə gur yağışıydın,
Çiçəkli bahardın, mən naxışıydım,
İndisə baharın solub bənizi,
Niyə sevəmmədik bir-birimizi.

Mən qumlu – qayalıq, sənsə səhraydın,
Axı sən əzəldən mənə doğmaydın,
Mən coşqun bir dəniz, sənsə dalğaydın,
Yuduq sahillrdən izlərimizi,
Niyə sevəmmədik bir-birimizi.

Baxır əksimiz də bulaq gözündən,
O vaxtdan bizləri salıb gözündən,
Beləcə, qəm çəkən eşqin izində,
Qarışıq salmışıq sözlərimizi,
Niyə sevəmmədik bir-birimizi.

Çiçəyin rəngiydik, gülün rəngiydik,
Coşan qəlbimizin eşq çələngiydik,
Axı bu yollarda niyə ləngidik,
Daşamı döndərdik ürəyimizi,
Niyə sevəmmədik bir-birimizi.

Bir cavab tapmadıq nə sabahlara,
Döndük günahlara, döndük ahlara,
Ağ günlü sevgiyə geydirib qara,
Həsrətə qərq etdik gözlərimizi,
Niyə sevəmmədik bir-birmizi.

Neçə açılmamış sabah içində,
Qovduq gecələri günah içində,
Ömrümüz, günümüz min ah içində,
Güldürə bilmədik taleyimizi,
Niyə sevəmmədik bir-birimizi.

Bu eşqin saçını yoldu küləklər,
Bu eşqin odunu aldı küləklər,
Boynu bükük qaldı o xatirələr ,
Daha bağışlamaz bu sevgi bizi,
Niyə sevəmmədik bir-birimizi.
Niyə sevəmmədik bir-birimizi…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir